“Komandamız bu yarışa yaxşı hazırlaşmışdı”.
İdman.Biz xəbər verir ki, bu sözləri Çexiyanın Ostrava şəhərində təşkil olunan U-19 Avropa çempionatının qalibi olan və Azərbaycanın boks tarixinə düşən Bilalhəbaşi Nəzərov jurnalistlərə açıqlamasında deyib.
O, hazırkı nəticələri ilə kifayətlənməyəcəyini deyib: “Qazandığımız medallar da bunu göstərdi. 4 döyüş keçirdim və hər birini qələbə ilə başa vurdum. Finalda İtaliya idmançısını məğlub edib ikinci dəfə Avropa çempionu oldum. Ötən il Xorvatiyada gənclər arasında Avropa çempionatı keçirilmişdi və həmin yarışda da çempion tituluna yiyələnmişdim. Bu yarışda əsas məqsədim titulumu qorumaq idi. Şükür, bacardım, amma təbii ki, bununla kifayətlənməyəcəm. Növbəti il böyüklər arasında çıxış edəcəyəm. Əsas hədəfim isə olimpiya medalı qazanmaqdır. Daha çox məşq edib və əziyyət çəkib nəticələrimi böyüklər arasında da təkrarlamaq istəyirəm”.
Qeyd edək ki, Çexiyada keçirilən yarışın qalibi olan 18 yaşlı idmançı ikiqat Avropa çempionu titulunu qazanan ilk Azərbaycan boksçusu ünvanına yiyələnib.