Millimizin baş məşqçisi: “Avropa çempionu olmaq üçün yaxşı şansımız var”

22 İyun 2026 20:16
95
Millimizin baş məşqçisi: “Avropa çempionu olmaq üçün yaxşı şansımız var”

“Yarımfinala yüksəlmək və çempion olmaq üçün imkanlarımız var”.

İdman.Biz bildirir ki, bu sözləri çimərlik futbolu üzrə Azərbaycan millisinin baş məşqçisi Sahib Məmmədov deyib.

Mütəxəssis AZƏRTAC-a açıqlamasında komandasının Avropa çempionatının seçmə mərhələsindəki şanslarını dəyərləndirərkən qrupun kifayət qədər rəqabətli olduğunu bildirib: “Digər qrupda Gürcüstan və Rumıniya daha iddialı komandalar təsiri bağışlayır. Hesab edirəm ki, həmin yığmalar yarımfinala yüksəlmək uğrunda əsas namizədlərdəndir. Bizim qrupda isə kağız üzərində ən güclü komanda Azərbaycan millisidir. Latviyanı və İngiltərəni də ciddi rəqiblər sırasında göstərmək olar. Ümumilikdə şanslarımızı yüksək qiymətləndirirəm”.

Baş məşqçi ötənilki turniri də xatırladıb: “Keçən mövsüm yarımfinala qədər çox uğurlu çıxış etdik, lakin həmin mərhələdə mübarizəni dayandırdıq. Ümid edirəm ki, bu il həmin vəziyyət təkrarlanmayacaq. Yarımfinala yüksəlmək və hətta çempion olmaq üçün imkanlarımız var. Bunun üçün isə hər oyuna maksimum diqqətlə yanaşmaq lazımdır”.

S.Məmmədov heyətdə müəyyən dəyişikliklərin olduğunu da vurğulayıb: “Komandada üç gənc və perspektivli futbolçu yer alıb. Onlardan ikisi qışdan etibarən yığmanın hazırlıq prosesinə cəlb olunub. Digər futbolçu isə daha yaxın zamanda komandaya qoşulub. Bu oyunçular Türkiyədə keçirilən təlim-məşq toplanışında da iştirak ediblər və özlərini yaxşı tərəfdən göstəriblər”.

Baş məşqçi hazırlıq planları barədə də danışıb. O bildirib ki, yığma müntəzəm məşq prosesini davam etdirir: “Bizim hazırlıq sistemimiz fərqlidir. Həftədə üç-dörd dəfə məşq keçirik və daim iş prosesindəyik. Turnirdən bir həftə əvvəl Batumiyə yollanacağıq. Orada adaptasiya dövrünü keçəcək, meydança ilə tanış olacaq və son hazırlıqları tamamlayacağıq”.

Qeyd edək ki, Azərbaycan millisi B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya yığmaları ilə mübarizə aparacaq. A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç komandaları yarışacaqlar. Oyunlar iyulun 15-19-da Gürcüstanın Batumi şəhərində keçiriləcək.

Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.

İdman.Biz