Azərbaycanın çimərlik futbolu millisi Türkiyədə keçirdiyi beş yoldaşlıq görüşünün hamısında qələbə qazanıb.
Bunu millinin baş məşqçisi Sahib Məmmədov deyib.
S.Məmmədov hazırlıq prosesinin səmərəli keçdiyini vurğulayıb.
“Təlim-məşq toplanışının yaxşı keçdiyini düşünürəm. Moldova seçməsinə qarşı üç, “Alanyaspor” klubuna qarşı isə iki oyun keçirdik və hər birində qalib gəldik. Əsas məqsədlərimizdən biri heyətə yeni cəlb etdiyimiz gənc futbolçuları yoxlamaq idi. Bu hazırlıq prosesinin həm fiziki və taktiki, həm də oyun praktikası cəhətdən komandaya çox xeyri oldu”, - deyə o, report.az-a açıqlamasında deyib.
O, qarşıdakı planlar barədə də danışıb:
“Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatının startına hələ iki ay var. Hazırda əsas məqsəd həmin turnirdə çempion olmaq və A divizionuna vəsiqə qazanmaqdır”.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının B divizionunda yarışacaq. Gürcüstanda baş tutacaq turnirdə 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaq.
