Federasiya rəsmisi: "Neftçi"nin şansları var"

Xəbərlər
25 Avqust 2023 15:38
152
Federasiya rəsmisi: "Neftçi"nin şansları var"

"Monqolustanda keçiriləcək Dünya Qadın Seriyasının final mərhələsinə vəsiqə qazanmaqda "Neftçi"nin şansları daha üstündür".

Bunu İdman.biz saytına açıqlamasında Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənən Əliyev deyib. Federasiya rəsmisi "Neftçi"nin şanslarının millimizdən daha çox olduğunu vurğulayıb:

"Dünya Qadın Seriyasının mərhələ reytinqlərinə görə birinci sıraya 998 xalla Çin başçılıq edir, ikinci yerdə 660 xalla Fransa qərarlaşıb, üçünü sırada isə 651 xalla təmsilçimiz "Neftçi"dir. "Neftçi" 3 dəfə çempionluq qazanıb ki, bu da İsrail, İspaniya və Şuşada keçirilən yarışlara təsadüf edib. Böyük ehtimalla "Neftçi" Ulan-Batordaki final mərhələsinə vəsiqə qazanacaq. Ulan-Batorda ilk səkkizlikdə qərarlaşan komandalar vəsiqəni qazanır ki, "Neftçi" də bu uğuru təmin edib. Təmsilçimizin Macarıstandakı rəqibləri məlumdur, bu mərhələnin favoritlərindən biri "Neftçi"dir. Hələlik kağız üzərində belədir, ümid edək ki, meydanda da uğurlu nəticələr qazanıb bunu sübut etmək lazımdır".

S.Əliyev "Neftçi"nin final mərhələsindəki şansının maksimum olduğunu deyib:

"Mən 99 faiz yox, 100 faiz əminliklə deyirəm ki, təmsilçimiz Ulan-Batordaki finala vəsiqə qazanacaq. Həmin yarışa 22 gün qalıb. 16-17 sentyabr tarixində qadın seriyasının ümumi mərhələsidir ki, əsas mükafat həmin mərhələdə öz sahibinə qovuşacaq. Təəssüf ki, eyni sözləri Azərbaycan millisi üçün deyə bilməyəcəm, millimizin şansları istədiyimiz qədər deyil. Ümumilikdə "Neftçi"nin göstəriciləri qadın basketbolunun inkişafına bir təkandır. Amma Bakı mərhələsində yorğunluq öz sözünü dedi, Polşaya məğlub olduğumuzdan 1/4 finala vəsiqə qazana bilmədik".

Ağa Dadaşzadə

İdman.biz