"Rəqib çempionatın ən yaxşı komandalarından biridir. Bura qalib kimi gəlmişdilər”.
İdman.biz xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasının IV turunda “Xırdalan”ı 88:74 hesabı ilə məğlub edən “Gəncə”nin baş məşqçisi Bedri Meriç deyib.
Mövsümdə ilk qələbəsini qazanan türkiyəli çalışdırıcı bildirib ki, rəqib ötən tur "Sabah"la oyunda nə qədər güclü kollektiv olduqlarını ortaya qoyub: “Amma bura bizim evimizdir. Yaxşı müdafiə olunduq, mübarizə apardıq. Zaman irəlilədikcə daha da yaxşı olacağıq. Müdafiə xəttində yaxşı oynayanda komanda uğur qazana bilir. Bizə dəstək verən azarkeşlərimizə minnətdarıq. Bu qələbə bizə hava-su kimi lazım idi".
Qeyd edək ki, turun növbəti matçları sabah baş tutacaq. “Şəki” – “Cəlilabad”ı, “Sabah” isə “Sərhədçi”ni sınağa çəkəcək.
İdman.biz