“Komandada əhval-ruhiyyə yüksəkdir. İlk 2 oyunda etdiyimiz səhvlərdən nəticə çıxarıb, ən yaxşı səviyyəyə çatmağa çalışırıq”.
İdman.biz xəbər verir ki, bunu “Xırdalan”ın baş məşqçisi Uğur Özdəmir deyib.
Bu gün Azərbaycan Basketbol Liqasında “Sabah”la oynayacaq komanda rəqibin Avropa təcrübəsindən ehtiyatlanır. Türkiyəli mütəxəssis bildirib ki, Boban Mitevin yetirmələri sürətli oyun tərzi və sərt müdafiəsi ilə seçilir: “Çox təcrübəli yerli və legioner oyunçuları var. Bu amil onları yüksək liqanın hər komandası qarşısında üstün edən məqamdır”.
Özdəmir düşünür ki, FİBA Avropa Liqasında keçirdikləri matç “Sabah”ın “Xırdalan” ilə oyununa heç bir təsir etməyəcək: “Çünki bu komandanın hər an oynamağa hazır bir neçə basketbolçusu var. Bizimlə görüş də "Mornar"la matçda daha çox istirahət edən oyunçulara şans veriləcəyini düşünürəm. Amma bunun fərqi yoxdur. Çünki ümumi komanda olaraq çox güclüdür. Biz isə öz sistemimizə sadiq qalıb, azarkeşlərə gözəl oyun göstərmək istəyirik”.
Qeyd edək ki, “Xırdalan “Sabah” görüşü bu gün saat 19:30-da Sərhədçi Olimpiya Kompleksində keçiriləcək.
İdman.biz