İntibah dövrü, qarşıya qoyulan hədəf və hazırki vəziyyət - TƏHLİL

Xəbərlər
5 Oktyabr 2023 15:37
235
İntibah dövrü, qarşıya qoyulan hədəf və hazırki vəziyyət - TƏHLİL

Azərbaycan basketbolu hazırda intibah dövrünü yaşayır desək, yanılmarıq. 2022/2023 mövsümündə ölkə çempionatının maraqlı və gərgin keçməsi, klublarımıza təcrübəli legionerlərin gətirilməsi, aşağı yaş qrupları üzrə milli komandalarımızın beynəlxalq arenalarda qazandığı qələbələr buna əyani sübutdur.

Görülən məqsədyönlü işlər bu gün də bəhrəsini verir. Azərbaycan 18 illik fasilədən sonra avrokuboklara qayıdıb, “Sabah” basketbolumuzun gələcəyinə böyük ümid verir və növbəti illərdə digər klublarımızın da onlara qoşulması üçün gözəl cığır açır.

Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən 2002-ci ildə ölkəmizə dəvət edilən olimpiya çempionu Rimas Kurtinaytis bu idman növündə uğur qazanmağın mümkün olduğunu bir dəfə sübuta yetirib. Bu gün bir sıra aparıcı basketbolçularımız da, mütəxəssislərimiz də məhz həmin dövrdə üzə çıxanlardır. 2006-cı ilədək kişilərdən ibarət millini və “Qala” komandasını çalışdıran litvalı Azərbaycan adına bir sıra uğurlar da qazanıb. I İslam Həmrəyliyi Oyunlarında komandanı çempion edən Kurtinaytis “Qala” ilə avrokuboklarda dəfələrlə mərhələ adlayıb, komandamızı Avropa çempionatında aşağı diviziondan yuxarı qaldırıb. Bu yol sonra da davam edib. Hətta ondan sonra Elxan Əliyevin rəhbərliyi ilə Avropa çempionatında mərhələ adlamağın bir addımlığında dayanmışıq. Amma bu gün artıq basketbolun ölkə idmanımızda xüsusi azarkeş ordusu yaranıb. Yeni mövsümdə Azərbaycan çempionatında 10 klub mübarizə aparacaq, hər biri təcrübəli məşqçilərə həvalə edilib, heyətə güclü legionerlər cəlb olunub və onların sayəsində gənc nəsil də inkişaf mərhələsinə qədəm qoyacaq.

Razılaşaq ki, bu uğurlar bütün yaş qrupları üzrə deyil və əsasən kişi komandalarının adı ilə bağlıdır. Bir gün öncə isə qadın basketbolunda da işin paralel gedəcəyi anonsu verilib. Qadınlardan ibarət yığma U-16 qız millimiz ilə C divizionunda çempionluq qazanan türkiyəli mütəxəssis Evren Alkaya həvalə edilib. Yeni nəsil qadın basketbolçularla işləməyi əla bacaran çalışdırıcıya uzun illərdir ölkəmizdə yaşayan amerikalı, milli komandanın keçmiş üzvlərini daha yaxından tanıyan Skot Mollenhauer və U-16-da Alkayın korpusunda olmuş Aygün Eynullayeva köməklik edəcəklər. Bu o deməkdir ki, Beynəlxalq Olimpiya Komitəsinin getdiyi yol tətbiq olunmağa, gender bərabərliyinə doğru inamlı addım atılıb. Bu yolun necə qət olunacağını isə zaman göstərəcək.

İrəli gedərək bildirək ki, asan olmayacaq. Buna müxtəlif səbəblər göstərmək mümkündür. Birincisi, Azərbaycanda kifayət qədər qadın basketbolçu yoxdur, olanların da əksəriyyətinin yaşı çoxdur. Amma çıxış yolu var. Bunun üçün çalışdırıcı çempion etdiyi U-16-dan böyüklərədək seçim edib, yeni komanda formalaşdırmalıdır. Bu, asan olacaqmı? Xeyr. Çünki onların əksəriyyətinin təcrübəsi azdır və müntəzəm çempionatda çıxış etmirlər. İlk addımın davam etdirilməsi üçün federasiya və məşqçilər korpusu çox əziyyətlər çəkməlidir. Hətta ilkin olaraq, az sayda klublarla belə çempionatın təşkili də faydalı olar. Yeni qana, yeni nəslə ehtiyac böyükdür.

İkincisi, qadın basketbolçulardan ibarət yığmanın qitədə rəsmi yarışlarda iştirakı 9 il əvvələ təsadüf edib. Həmin vaxtda da kiçik ölkələrin Avropa çempionatında hansısa uğurla yadda qalmayıb. 2004-cü ildə başlayan bu səviyyəli yarışlarda cəmi 4 dəfə mübarizə aparmışıq. Son illər ümumiyyətlə oyun keçirməməyimiz səbəbindən FİBA komandamızı dünya reytinqindən də çıxarıb. İndi ilk növbədə mövcudluğumuzu qaytarmalı, ardınca uğurlu seriyaya qədəm qoymalıyıq.

Avropa çempionatının seçmə mərhələsində rəqiblərimiz də asan deyil. Belçikanın gücü hamıya bəllidir, Avropada öz sözünü deyən, tempi yüksək tutmağı bacaran komandalardan biridir və ölkəsi adına uğur da qazanıb. Litvanın da komandamız üçün çətin rəqib olacağını demək mümkündür. Kişilərdən ibarət basketbol yığmaları qədər yüksək nailiyyətlər qazanmasalar da, istənilən komandaya “diş göstərməyi” bacarırlar. Polşa yığması isə son illərdə inkişaf yoluna qədəm qoyub. Göstərdikləri oyun və mübarizəyə görə heç də pis irəliləmirlər. Hər halda, ilk cəhdə uğur gözləmək sadəlövhlük olar. Amma pillə-pillə qabağa getmək inandırıcı görünür. Çünki bunda idmana cavabdeh olan hamı maraqlıdır və yumruq kimi birləşib. Uğura gedən yolda isə baş məşqçi böyük məsuliyyət daşıyacaq. Düzdür, o, ölkəmizdə bir çox yeniyetmə, gənc və böyükyaşlı idmançıları yaxşı tanıyır, hətta potensiallarını belə bilir. Əgər belə olmasaydı, məsuliyyətli işin altına da girməzdi. Lakin Alkay əlində olan basketbolçularla kifayətlənməli deyil. Seleksiya işlərini gücləndirməli, paytaxtdan kənara çıxmalı və güclü ölkələrin iştirakı ilə keçirilən təlim-məşq toplanışlarında komandasını sınamalıdır. Rəsmi görüşlərə isə vaxt çox qalmayıb. Cəmi 35 qalıb...

Hüseyn Vaqif

İdman.biz