“ASTA Mingəçevir” futbol klubunda maliyyə problemlərinin olması ilə bağlı söz-söhbətlər səngimək bilmir. Mətbuatda vaxtaşırı klubun birinci liqanı tərk edə biləcəyi barədə məlumatlar yayılır.
Məsələyə aydınlıq gətirmək üçün İdman.Biz klubun baş məşqçisi Ramiz Məmmədovla əlaqə saxlayaraq ondan açıqlama alıb.
Baş məşqçi klub haqda səslənən fikirləri əsassız adlandırıb: “Düzünü desəm, bu mövzunu kimlərin və niyə qabartdığını anlamıram. Amma belə adamlara açıq şəkildə demək istəyirəm - görməyəcəksiz! Komandanın rəhbərliyi daim yanımızdadır, Mingəçevirdəki bazamızda müntəzəm məşq edirik, futbolçular maaşlarını vaxtında alırlar. Daha nə demək olar ki? Oktyabrın 16-da birinci liqada növbəti oyunumuz olacaq, rəqibimiz “Şimal”dır (Xaçmaz təmsilçisi – red.) Gəlin, bizə azarkeşlik edin!”.
Vüqar Vüqarlı