Rimas Kurtinaytis: “Azərbaycanda özümü evimdəki kimi hiss edirəm”

Müsahibə
29 May 2024 19:22
106
Rimas Kurtinaytis: “Azərbaycanda özümü evimdəki kimi hiss edirəm”

“Azərbaycanda 20 ildən sonra müqayisəolunmaz dəyişikliklərin şahidi oldum”.

Bunu “İdman Bizdə”nin qonağı olan “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Krtinaytis deyib.

64 yaşlı mütəxəssis ölkəmizdə 20 il bundan öncə çalışdığı dönəm ilə indikini müqayisə edib. O bildirib ki, çoxlu dəyişikliklər var: “Bakı tamamilə dəyişib. Mən sanki onu Dubaya bənzədərdim. Hər yer gözəl, təmiz və səliqəlidir. Dəyişməyən yalnız insanlardır. Əvvəlki kimi mehriban, gülərüzdülər. İstiqanlıdırlar. Çox ölkələr var ki, insanlar zaman-zaman pisliyə doğru dəyişirlər. Azərbaycanda isə bunun tam əksidir. Bu baxımdan şadam ki, özümü evimdəki kimi hiss edirəm. Basketbola gəldikdə, indi vəziyyət tam başqadır. O vaxt hər şeyi sıfırdan başlayırdıq. Mən o zaman nə qədər basketbolçu var hamısını bir yerə yığmağa başladım. Əvvəlcə “Qala” klubunu yaratdıq. Klub millinin bazası kimi formalaşdırılmışdı. Artıq 2-ci mövsüm avrokuboklarda mübarizə aparmağa qərar verdik. Kiçik ölkələrin Avropa birinciliyində çıxış etdik. Ancaq ən böyük uğuru İslam Həmrəyliyi Oyunlarında qızıl medala sahib olmaqla qazandıq. Həmin yarışda 56 ölkənin idmançıları mübarizə aparırdı. Biz orada yarımfinalda güclü İran yığmasına qalib gəldik. 3 il sonra Pekin Olimpiadasında mən Litva yığmasının məşqçisi olanda İran seçməsi həmin Oyunların iştirakçısı idi. Onları necə məğlub etdiyimizdən danışırdım. Bizim uğurlarımız təsadüfi deyildi”.

Kurtinaytisin sözlərinə görə, həmin illərlə müqayisədə basketbolumuz çox inkişaf edib: “Federasiya bunun üçün böyük işlər görür. Dövlət strukturlarından da dəstək gəlir, sərmayə qoyulur. 10 komandanın iştirakı ilə keçirilən çempionatda eyni səviyyəli rəqiblərin mübarizəsi gedir. Liqada yaxşı komandalar, yaxşı oyunçular, amerikalı basketbolçular çıxış edirlər. Artıq 20 il bundan qabaqla müqayisədə daha yüksək səviyyəli azərbaycanlı basketbolçular var və gözəl oyun nümayiş etdirirlər. Ölkədə basketbolun inkişafının 2-ci dalğası yaşanır. Maraq böyükdür. Dünyada futboldan sonra populyarlığına görə 2-ci idman növü basketboldur. Azərbaycanda da eyni vəziyyət müşahidə olunur”.

Qeyd edək ki, “Sabah” Rimas Kurtinaytisin rəhbərliyi altında mövsümü qızıl medallarla başa vurub. Onlar final seriyasında “Xəzri”ni 3:1 hesabı ilə məğlub ediblər.

Emin Ağa
İdman.biz