Uğur Özdemir: “Çoxlu səhvlər etdik”

Xəbərlər
15 May 2024 23:49
80
Uğur Özdemir: “Çoxlu səhvlər etdik”

“İtkilərlə oyuna çıxacağımız öncədən bəlli idi. Rəqib də bunu bilərək bizə qarşı hazırlıq görmüşdü. Biz bunu nəzərə alıb hazırlaşmışdıq. Amma alınmadı”.

İdman.biz xəbər verir ki, bunu Xırdalan"ın baş məşqçisi Uğur Özdemir deyib.

Türkiyəli mütəxəssis 3-cü yer uğrunda NTD-İNDİQO ilə keçirilən ilk oyunu şərh edib: “Kənar atışlarda uğursuz olduq, çoxlu səhvlər etdik. Bu da məğlubiyyətlə nəticələndi. Rəqib oyunda 3 xallıq atışlardan vacib xallar qazandı. Biz isə müdafiədə çox pis oynadıq. Təbii ki, məğlubiyyətin fərqli səbəbləri də var. Belə mərhələdə psixoloji cəhətdən toparlanmaq çətin olur. Mövsümün sonunda həm zədələr, həm cəzalı oyunçular və fərqli dediyim səbəblər yaxşı nəticəyə imkan vermir. Bu gün meydanda olan basketbolçulardan zədəli olanları var idi. Buna baxmayaraq oyunçular əllərindən gələni etdilər, döyüşdülər. Gələcəyə baxmaq lazımdı. Qarşıdakı oyunda qalib gəlib, daha sonra həlledici matçda da eyni uğuru təkrar etmək istəyirik”.

Qeyd edək ki, “Xırdalan” ilk oyunda 79:95 hesabı ilə uduzub.

İdman.biz