Polşalı basketbolçu: “Lisenziyanın bizim olacağına əmin idik”

Xəbərlər
16 Aprel 2024 15:56
188
Polşalı basketbolçu: “Lisenziyanın bizim olacağına əmin idik”

“Bütün gücümüzü Honkonqda keçirilən turnirə səfərbər etmişdik. Uğur qazanmağa da çox yaxın idik”.

İdman.biz xəbər verir ki, bunu Polşa millisinin basketbolçusu Aldona Moravets deyib.

O, basketbolun 3x3 növü üzrə qadın yığmaların Olimpiya Təsnifat Turnirinin finalında Azərbaycandan aldıqları məğlubiyyəti şərh edib:

“Bu qədər yaxın olduğumuz halda, qələbə üçün nəyin çatmadığını dəqiq demək çətindir. Basketbolun 3x3 növündə əksər hallarda oyunların sonu lotereyaya bənzəyir. Bir top, bir qayda pozuntusu, bir səhv atış hər şeyi həll edir. Bu dəfə sonluq xeyrimizə olmadı”.

Aldona bildirib ki, turnir ərəfəsində də, Azərbaycanla oyundan öncə də lisenziyanın “ciblərində” olduğunu düşünüblər: “Macarıstanda keçiriləcək təsnifat turniri ilə bağlı heç bir planımız yoxdur. Çünki bütün diqqətimizi Honkonqa yönəltmişdik. Bu turnirdə lisenziyanın bizim olacağına əmin idik. Gərgin hazırlıq və turnirdən sonra qısa istirahətə ehtiyacımız var. Bundan sonra hər şey yenidən başlayacaq. Bizim növbəti şansımıza qədər 30 gün vaxtımız qalıb”.

Qeyd edək ki, Azərbaycan millisi Polşanı overtaymda 18:17 hesabı ilə məğlub edib.

İdman.biz

Məqalədə: