"Biz "Barselona" deyilik ki, hər ay yeni basketbolçu alaq"

Xəbərlər
4 Sentyabr 2023 16:55
79
"Biz "Barselona" deyilik ki, hər ay yeni basketbolçu alaq"

"Söz verirəm ki, Azərbaycan adı üçün mübarizə aparacağıq və yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik".

İdman.biz xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Boban Mitev jurnalistlərə açıqlamasında FİBA Avropa Kubokundakı şansları barədə danışarkən deyib.

Şimali Makedoniyadan olan 51 yaşlı mütəxəssis yer aldıqları A qrupundakı komandalar haqqında danışıb: "Rabotniçki" mənim ölkəmin təmsilçisidir. Komandanı yaxşı tanıyıram. Niderlandın "Donar" klubunun maliyyə problemləri var. Düşünürəm ki, onlar bu məsələni həll edib avrokuboklarda iştirak üçün pul tapacaqlar. Onu da nəzərə almalıyıq ki, "Rabotniçki"nin 1,5, "Rapid"in isə 3 milyonluq büdcəsi var və bizimlə müqayisədə çoxdur".

Boban Mitev transfer çalışmalarının yekunlaşdığını söyləyib: "Biz "Barselona" deyilik ki, hər ay yeni basketbolçu alaq. Müəyyən büdcəmiz var. 14 oyunçu ilə avrokubokun təsnifat mərhələsində çıxış edəcəyik. Məqsədim ilk növbədə burada bir irs qoymaq və azərbaycanlı basketbolçuları yetişdirməkdir. Əsas gücü yerlilərə vermək niyyətindəyik".

Baş məşqçi Azərbaycanda çox isti qarşılandığını vurğulayıb: "Sabah" klubunu təmsil etməkdən və burada olduğum üçün qurur duyuram. Hazırlıqlara bir qədər gec başlasaq da, hər şeyin yaxşı olacağına inanıram. Azərbaycanda kifayət qədər potensialı olan gənc basketbolçular var. "Sabah" rəhbərliyi bizə hər cür şərait yaradıb. Belqradda keçirəcəyimiz yoldaşlıq oyunlarında öz səhvlərimizi görəcəyik və basketbolçularımızın real gücünü biləcəyik. Yeni transfer Smit Donovanın uyğunlaşma prosesi bir az gecikir. Amma onun üçün ən yaxşısını etməyə çalışacağıq. Azərbaycanı yaxşı təmsil etmək üçün əlimizdən gələni edəcəyik. Qismət olsa, müntəzəm çempionata vəsiqə qazanacağıq".

Qeyd edək ki, "Sabah" sentyabrın 8-17-si aralığında Serbiyada 6 yoldaşlıq matçı keçirəcək. Paytaxt təmsilçisinin FİBA Avropa Kubokundakı qarşılaşmaları oktyabrın əvvəlində gerçəkləşəcək.

Ağa Dadaşzadə

İdman.biz