“LANDAU Lions”ın baş məşqçisi Erhan Toker Azərbaycan Basketbol Liqasının ilk turunda “Sabah”a 74:84 hesabı ilə məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis yerli basketbolçuların çıxışı, müdafiədəki problemlər və heyətdəki itkilərin komandanın oyununa təsir etdiyini bildirib.
“İlk növbədə “Sabah”ı təbrik etmək istəyirəm. Yerli basketbolçuların oyunu matçın ümumi gedişatına və kimin öz mövqeyində, ya da vərdiş etmədiyi mövqedə çıxış etməli olduğuna təsir göstərir. Ercan Donat kömək etməyə çalışdı, birinci hissədə Nicat Məmmədli də müəyyən töhfə verdi. İsmayıl Abdullayev isə gözlədiyimizdən daha zəif oynadı. Bütün bunları nəzərə alaraq, müdafiədə özümüzü yaxşı tərəfdən göstərə bilmədik”, – deyə Toker vurğulayıb.
Baş məşqçi “Sabah”ın daha sərt oynadığını və komandasının rəqibin oyun üslubuna cavab verə bilmədiyini söyləyib.
“Rəqib kifayət qədər sərt oynayırdı. Hakimlər oyunun keyfiyyətli alınması üçün belə mübarizəyə şərait yaradırdılar. Biz eyni dərəcədə sərt oynaya bilmədik və bu baxımdan problemlərimiz yarandı. Lakin komandanın mübarizəsindən razıyam. Hər zamanki kimi, bu oyundan dərs çıxaracağıq və səhvlərimizi təhlil edəcəyik”.
Toker həmçinin Arnas Sakenis və Edvarts Polaytsın zədələrinin qarşılaşmaya təsir etdiyini vurğulayıb.
“Arnas Sakenisin zədəsi də oyuna təsir etdi. Edvarts Polayts zədə səbəbindən onsuz da tam hazır deyildi, Arnasın zədələnməsindən sonra isə o, parketdə daha çox vaxt keçirməli oldu. İndi bizi “Geneva Lions” ilə matç gözləyir. Bu, FİBA Avropa Kubokunun qrup mərhələsində bu mövsüm ilk oyunumuz olacaq. İndi bizim üçün əsas məsələ bu görüşə hazırlaşmaqdır”, – deyə məşqçi əlavə edib.
