“Bizi Lüksemburq və İrlandiya ilə çətin oyunlar gözləyir. Bilirsiz ki, bir həftə Gəncədə məşq prosesi keçirdik. Hazırlığımızı yaxşı qiymətləndirirəm. Ancaq rəsmi oyun hər bir halda başqadır”.
Bu sözləri Bakı İdman Sarayında media nümayəndələri üçün təşkil edilən açıq-məşqdə Azərbaycan basketbol millisinin baş məşqçisi Tahir Baxşıyev İdman.Biz-ə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, Belarus ilə oyunlar seçmə mərhələ öncəsi çox suallara aydınlıq gətirəcək:
“Belarusun yoldaşlıq oyunu üçün seçilməsi təsadüfi deyil, onların heyətində Avropa klublarında oynayan basketbolçular var. Belarus fiziki və sürət baxımından güclü komandadır. Mən basketbolçu olduğum vaxt onlara qarşı oynamışam, təbii indi onların oyununda dəyişikliklər var. “AvroBasket-2029”ın qrupuna düşmək şansımıza gəlincə, çətin olacaq. Hər iki oyunda mütləq qalib gəlməliyik, əlimizdən gələni əsirgəməyəcəyik”.
