Yığmamızın baş məşqçisi milliləşdirilmiş türkiyəli ilə bağlı qərarını verib: “Ulaş komandamızda qalacaq”

Müsahibə
7 Yanvar 2024 13:04
583
Yığmamızın baş məşqçisi milliləşdirilmiş türkiyəli ilə bağlı qərarını verib: “Ulaş komandamızda qalacaq”

“Ulaş Can Turqut cəmi 20 yaşı var. Potensialı böyükdür. Yığmaya kömək edə bilər”.

Bunu İdman.bizə kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev deyib.

U-20 yığmamızda oynamış “Neftçi”nin yeni transferi Ulaş Can Turqut bir gün öncə əməkdaşımızla söhbətində Türkiyə və Azərbaycanın əsas millilərdən hansı daha tez dəvət etsə, həmin komandanı seçəcəyini bildirib.

Baxşıyev basketbolçunun əsas komanda oynamaq şansını dəyərləndirib. Onun sözlərinə görə, Turqutu “ay-ulduzlular” çağırmayacaq və Azərbaycan millisində qalacaq: “Türklərin ona dəvət göndərəcəyini düşünmürəm. Onların heyətinə düşmək çox çətindir. Çünki “ay-ulduzlular”da güclü və çox gözəl komanda formalaşıb. Bu səbəbdən də Ulaş bizim yığmada qalacaq”.

Ulaşı yaxşı tanıdığını deyən baş məşqçi onu milliyə dəvət edəcəyini də deyib: “Axırıncı dəfə 2 il bundan qabaq yığma ilə Avropa çempionatının C divizionunda oynayıb. Orda onunla daha yaxından tanış oldum. Bu basketbolçunun böyük potensialı var. Yığma üçün də onu nəzərdə tutmuşam. Fevralın 12-də Türkiyədə təlim-məşq toplanışına Turqutu da dəvət edəcəm”.

Qeyd edək ki, Ulaş Can Turqut Türkiyənin “Sakarya BŞB”i, “Ege Universiteti” və "Darüşşafaka Lassa"nın şərəfini qoruyub.

Emin Ağa
İdman.biz

Məqalədə: