“Neftçi” komandasının məşqçisi Daviti Çivçivadze NTD üzərində qazanılan 102:97 hesablı qələbədən sonra klubun mətbuat xidmətinə açıqlama verib.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının əzmkarlığını və yerli oyunçuların rolunu xüsusi vurğulayıb.
“Qarşılaşdığımız çətinliklərə baxmayaraq, oyunçularım böyük xarakter nümayiş etdirdilər və qələbəni qazanmağa nail oldular. Legioner oyunçularımız bu oyunda öz imkanlarının son həddinə qədər mübarizə apardılar. Bu görüş həm də meydanda yerli oyunçulara güvənməyin və onlardan istifadə etməyin nə qədər vacib olduğunu göstərdi”, - deyə Çivçivadze söyləyib.
Baş məşqçi hər iki komandanın mübarizəsini və azarkeş amilini də yüksək qiymətləndirib:
“Hər bir oyunçuma göstərdiyi zəhmət və fədakarlığa görə təşəkkür edirəm. Eyni zamanda, NTD-ni də xüsusi qeyd etmək istəyirəm - onlar çox ciddi rəqib oldular və oyun boyu bizi maksimum səviyyədə mübarizəyə məcbur etdilər. Onlara gələcəkdə uğurlar arzulayıram. Azarkeşlərimizə isə xüsusi təşəkkür edirəm. Onların möhtəşəm dəstəyi həqiqətən bizim üçün fərq yaratdı. İndi diqqətimizi yarımfinal mərhələsinə yönəldəcəyik və orada ən yaxşı çıxışımızı göstərməyə çalışacağıq”.
