“Ordu” komandası “Gəncə”yə qarşı keçirəcəyi Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsinin üçüncü oyununda səhvləri aradan qaldıracaq”.
Bunu “hərbçilər”in kapitanı Elşad Şirzadov deyib.
O, bu rəqibə 78:85 hesabı ilə uduzduqları raundun ikinci görüşündə bəzi səhvlər etdiklərini bildirib.
“Artıq seriya üçüncü görüşə daşınıb. Bu dəfə əlimizdən gələni edib qələbə qazanacağımıza ümid edirəm. Gəncədəki məğlubiyyətin səbəbi top itkisi ilə bağlı oldu. Yersiz top itkilərinə yol verdik. Bütün çatışmazlıqları, səhvləri aradan qaldıracağımıza və üçüncü dueldə qələbə qazanacağımıza inanıram”, - deyə o, report.az-a açıqlamasında söyləyib.
Azərbaycan millisinin də formasını geyinən basketbolçu cütün taleyini ikinci qarşılaşmada həll etmək istədiklərini, lakin buna nail olmadıqlarını sözlərinə əlavə edib:
“Bu oyun haqqında çox danışmaq istəmirəm. Gəncəyə qələbə üçün getmişdik. Cütün taleyini ikinci oyunda həll etmək niyyətində idik. Birinci qarşılaşmada qalib gəlmişdik. Ümumi hesabı 2:0 edərək yarımfinala yüksəlməyi qarşımıza məqsəd qoymuşduq. Amma təbii ki, heç nə asan yolla əldə olunmur. Çətinliklərdən keçmək lazımdır. Uğura gedən yol həmişə çətin olur. Səfərdəki qarşılaşmanın bizim üçün asan keçməyəcəyini də bilirdik. Çox çətin qarşılaşma alındı. Onlar azarkeşləri önündə çox yaxşı oynayırlar”.
Xatırladaq ki, “Ordu” 1/4 final mərhələsinin ilk matçında 108:106 hesabı ilə üstün olub. Yarımfinala yüksələn komanda üçüncü oyunda bəlli olacaq.
