Azərbaycan Basketbol Liqasında 18-ci turun oyunları başa çatıb. Turun bağlanış matçında “Neftçi” kollektivi “Gəncə” ilə qarşılaşıb.
İdman.Biz xəbər verir ki, Sərhədçi İdman Mərkəzində təşkil olunan qarşılaşma gərgin idman mübarizəsi ilə yadda qalıb. Meydanın hər iki tərəfində fəal oyun nümayiş etdirən komandaların duelindən Bakı klubu qalib ayrılıb. Görüş “Neftçi”nin 76:72 hesablı üstünlüyü ilə yekunlaşıb.
10:59
Azərbaycan Basketbol Liqasında 18-ci tura bu gün keçiriləcək bir oyunla yekun vurulacaq. Turun sonuncu qarşılaşmasında “Neftçi” və “Gəncə” kollektivləri parket üzərinə çıxacaqlar.
İdman.Biz xəbər verir ki, Sərhədçi İdman Mərkəzində baş tutacaq görüş saat 17:00-da start götürəcək. Hazırda hər iki komanda A qrupunda gərgin mübarizə aparır. “Gəncə” 25 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Eyni xala malik olan “Neftçi” isə əlavə göstəricilərə görə dördüncü sırada yer alıb. Bu oyunun nəticəsi komandaların sıralamadakı yerinə birbaşa təsir edəcək.
Xatırladaq ki, turun əvvəlki oyunlarında maraqlı nəticələr qeydə alınıb:
“Sumqayıt” - “Quba” – 117:116
“Sərhədçi” - “Ordu” – 70:67
“Naxçıvan” - “Lənkəran” – 104:73
“Sabah” - “Şəki” – 102:82
“Abşeron Lions” - NTD – 107:88.
