Azərbaycan Basketbol Federasiyasının məşqçiləri beynəlxalq arenada növbəti uğura imza atıblar.
İdman.Biz xəbər verir ki, Azərbaycan Basketbol Federasiyasının məşqçiləri Ləman İbrahimova və İlham Ağayev Macarıstan İdman Elmləri Universitetində təşkil olunan Beynəlxalq Məşqçilik Kursunda (ICC) uğurla iştirak ediblər.
Beynəlxalq Olimpiya Komitəsinin “Olympic Solidarity” proqramının dəstəyi ilə keçirilən 8 həftəlik kurs çərçivəsində hər iki mütəxəssis beynəlxalq təcrübə qazanaraq proqramı müvəffəqiyyətlə başa vurub və müvafiq sertifikatlarla təltif olunub.
UGBL U-13 liqasında fəaliyyət göstərən məşqçi İlham Ağayev və U-12 basketbol liqasında “Ordu” klubunun baş məşqçisi, eyni zamanda Bakı Basketbol Akademiyasında çalışan Ləman İbrahimova bu kurs vasitəsilə ölkəmizi beynəlxalq səviyyədə təmsil ediblər. Ləman İbrahimova Beynəlxalq Məşqçilik Kursuna qəbul olunan ilk azərbaycanlı məşqçi kimi də tarixə düşüb.
Qeyd edək ki, proqram yerli məşqçilərin peşəkar inkişafına mühüm töhfə verməklə yanaşı, ölkə basketbolunun gələcək perspektivləri baxımından da xüsusi əhəmiyyət kəsb edir.
