Tahir Baxşıyev millinin heyətini formalaşdırıb: “12-lik” 20 basketbolçu arasından seçiləcək” - MÜSAHİBƏ

Müsahibə
25 Dekabr 2023 11:14
219
Tahir Baxşıyev millinin heyətini formalaşdırıb: “12-lik” 20 basketbolçu arasından seçiləcək” - MÜSAHİBƏ

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin və NTD-İNDİQO-nun baş məşqçisi Tahir Baxşıyevin İdman.biz saytına müsahibəsi

- Azərbaycan Basketbol Liqasında ilk dövrəyə yekun vuruldu. Rəhbərlik etdiyiniz NTD-İNDİQO-nun çıxışını necə dəyərləndirərdiz?

- Komandamın çıxışından razı qaldım. Turlar ötdükcə basketbolçular bir-birilərini, gedişləri, kombinasiyaları daha yaxşı başa düşdülər. 9 oyundan 8-də qalib gəlmişik. Əsas məqsədimiz pley-offa düşməkdir. İkinci dövrə bundan da çətin olacaq. Bir çox komandalar heyətlərini daha da gücləndirəcəklər. Odur ki, boşluq olmamalıdır. Öz məqsədimizə çatmaq üçün yaxşı hazırlaşmalıyıq.

- Çempionatdakı rəqabət sizi qane edir?

- Rəqabət yaxşıdır. Bu il komandaların sayı artdı və nəticədə Azərbaycan basketboluna maraq daha da böyüdü. Bölgələrdə çox oyun olur. Bu da idman növümüzün inkişafı üçün çox yaxşıdır.

- Bu rəqabətin yerli basketbolçulara faydasını necə şərh edərdiz?

- Hər bir qarşılaşma basketbolçularımız üçün böyük bir təcrübədir. Qaydalara əsasən, oyunda meydanda mütləq 2 həmyerlimiz olmalıdır. Ona görə təcrübəli əcnəbi basketbolçulardan da onlar çox şey öyrənirlər. Ötən illərlə müqayisədə bu il özlərinə güvənləri də artıb. Ona görə düşünürəm ki, çempionat bu baxımdan çox dəyərlidir.

- Hazırda ən güclü yerlilərə malik komanda hansıdır?

- Hər bir komandada yaxşı yerli basketbolçular var. Təbii ki, gənc oyunçular da təcrübəlilərə rəqabət yaradırlar. Belə davam edərsə, 2-3 ilə onlar daha da güclü olacaqlar.

- Artıq özünüz üçün Azərbaycan milli komandasını formalaşdırmısız?

- Təbii ki, artıq kimlərə etimad göstəriləcəyi ilə bağlı ümumi fikir formalaşıb. “12-lik” hələ tam bəlli deyil. 20 nəfər arasından seçiləcək. Onların arasında təcrübəli və gənc oyunçular da olacaq. Sonda da fevralda ən güclülərlə İsveçrəyə dünya çempionatının ilkin təsnifat mərhələsinə yollanacağıq.

Emin Ağa
İdman.biz