“Sumqayıt”ın baş məşqçisi: "Yerli oyunçularla bağlı problemimiz var”

Müsahibə
22 Dekabr 2023 11:45
122
“Sumqayıt”ın baş məşqçisi: "Yerli oyunçularla bağlı problemimiz var”

"Gəncə"ni məğlub edəcək gücdəyik. Rəqibin mövsümdə 3 qələbəsi var. Ona görə də bu matçda büdrəməyə haqqımız yoxdur”.

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt" basketbol klubunun baş məşqçisi Teymur Hüseynov deyib.

Debütant Azərbaycan çempionatının IX turunda "Gəncə" ilə oyunu dəyərləndirib. Təcrübəli mütəxəssisin sözlərinə görə, rəqibi yaxşı təhlil ediblər: “Bu oyuna çox ciddi hazırlaşırıq. Matçın əhəmiyyətindən çox danışmışıq. "Gəncə" ötən mövsümdə olduğu kimi, güclü deyil. Çempionatda 6-7 komandanın səviyyəsi eynidir. Yalnız "Şəki" aşkar autsayderdir. "Sabah", "Xəzri" və "NTD-İNDİQO" isə liqanın favoritidir".

Baş məşqçi komandanın kubokda şanslarını da dəyərləndirib: "Qrupun iki aşkar favoriti var: "Neftçi" və "Xəzri". "Cəlilabad"la "Xırdalan" bizə uyğun rəqiblərdir. Təbii ki, kubokda meydana eyni vaxtda 3 yerli basketbolçu çıxacağından burada vəziyyət bir qədər dəyişəcək. Bizdə də yerli oyunçularla bağlı problem var. İstənilən halda, döyüşəcəyik. Amma "Sumqayıt" üçün kubokla müqayisədə əsas hədəf çempionatda pley-offa yüksəlməkdir. Yenə də kubokda ilk pilləni tutmaq üçün mübarizə aparacağıq".

Qeyd edək ki, “Sumqayıt” – “Gəncə” görüşü bu gün saat 14:00-da start götürəcək.

İdman.biz