Azərbaycan Basketbol Liqasında NTD komandasının baş məşqçisi Tahir Baxşıyev “Abşeron Lions”a 93:100 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis komandasının yaxşı oyun sərgilədiyini, lakin bunun qələbə üçün yetərli olmadığını bildirib.
“Yaxşı oyun keçirdik, lakin yaxşı oyuna görə qələbə verilmir. Hələ də əsas problemi həll edə bilmirik, baxmayaraq ki, bunun üzərində çox çalışırıq. Biz ribaundlarda uduzuruq. Bu gün müdafiədə rəqibə 16 ribaund verdik, özümüz isə cəmi altı ribaund götürdük. Bu isə ikinci şans xalları deməkdir. Halbuki oyunu cəmi yeddi xal fərqi ilə uduzduq”, - deyə baş məşqçi vurğulayıb.
Baxşıyev səhvlərin də nəticəyə təsir etdiyini vurğulayıb:
“Biz 12 dəfə səhv etdik, rəqib isə beş dəfə. Belə statistikaya baxmayaraq, sonadək mübarizə apardıq. Bu da onu göstərir ki, bu komandanın yaxşı potensialı var və daha artığına qadirdir”.
Baş məşqçi qarşıdakı oyunların əhəmiyyətinə də toxunub:
“Qarşıda bizi iki vacib oyun gözləyir – səfərdə ‘Şəki’yə qarşı və evdə “Gəncə” ilə. Biz artıq qalib gəlməyə borcluyuq. Hamı bizdən qələbə gözləyir”.
