“Neftçi” basketbol klubunun baş məşqçisi Konstantinos Vasiliadis FIBA Avropa Kubokunda İsveçrənin “Fribur Olimpik” komandasına 73:78 hesablı məğlubiyyəti şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis yetirmələrinin yalnız ilk periodda lazımi səviyyədə çıxış etdiyini söyləyib.
“Düşünürəm ki, bu gün yalnız ilk on dəqiqədə yaxşı basketbol oynadıq. Matça çox uğurlu başladıq, həm hücumda, həm də müdafiədə demək olar ki, səhvə yol vermədik. Hücumda yaratdığımız bütün əlverişli mövqelərdən səmərəli istifadə etdik.
Lakin ikinci perioddan başlayaraq görüşün sonunadək həddindən artıq çox səhv etdik. Xüsusilə səfər matçında 19 dəfə top itirmək yolverilməzdir. Hücum üçün kifayət qədər yaxşı imkanlarımız oldu, amma onlardan yararlana bilmədik. Üçxallıq atışlardakı qeyri-dəqiqlik səbəbindən yenə çox xal itirdik. Müdafiədən hücuma keçid zamanı, xüsusilə fərdi müdafiədə çox zəif çıxış etdik. Rəqibə təkbətək vəziyyətlərdə sərbəst hərəkət etməyə imkan verdik və lazımi müqaviməti göstərə bilmədik”, - deyə Vasiliadis bildirib.
Baş məşqçinin sözlərinə görə, görüşün böyük hissəsində uğursuz çıxış etmələrinə baxmayaraq, hesabdakı kiçik fərq komandanın potensialından xəbər verir:
“Əslində, təxminən 30 dəqiqə pis oynadıq, amma buna baxmayaraq, cəmi beş xal fərqi ilə məğlub olduq. Bu, komandamızın potensialının və istedadının olduğunu göstərir. Problem ondadır ki, bütün 40 dəqiqə ərzində lazımi psixoloji hazırlığı və diqqəti qoruyub saxlaya bilmirik. Məhz bunun üzərində işləməliyik. İnkişaf etməli və daha yaxşı olmalıyıq”.
Vasiliadis komandanın yaxın planlarından və Azərbaycan çempionatında “Gəncə” ilə keçiriləcək qarşıdakı oyuna hazırlıqdan da danışıb:
“Cümə günü məşqdə buraxdığımız səhvləri ətraflı təhlil edəcəyik ki, hər bir oyunçu öz çatışmazlıqlarını aydın başa düşsün. Bundan sonra diqqətimizi çempionatda “Gəncə” ilə oyuna yönəldəcəyik. Bu, bizim üçün çox vacib görüşdür. Qələbə qazanmaq və ölkə çempionatında ardıcıl üçüncü uğurumuza imza atmaq istəyirik”, - deyə “Neftçi”nin baş məşqçisi fikrini yekunlaşdırıb.
