Erhan Toker: “Oyunçuların çıxışından razıyam, nəticədən isə yox”

21 Oktyabr 2026 23:58
85
Erhan Toker: “Oyunçuların çıxışından razıyam, nəticədən isə yox”

“LANDAU Lions”un türkiyəli baş məşqçisi Erhan Toker FIBA Avropa Kubokunun əsas mərhələsində Danimarkanın “Bakken Bears” klubuna əlavə vaxtda 88:91 hesabı ilə uduzduqları qarşılaşmanı şərh edib.

İdman.Biz xəbər verir ki, mütəxəssis basketbolçularının meydanda göstərdiyi mübarizədən razı qaldığını, lakin qələbə qazana bilmədiklərinə görə təəssüfləndiyini söyləyib.

Toker oyuna hazırlıq prosesinin müsbət nəticə verdiyini vurğulayıb:

“Matçdan əvvəl üzərində işlədiyimiz bir çox məqamı oyunçularımız parketdə göstərməyə çalışdılar. Rəqibin zəif tərəflərindən faydalanaraq onları istəmədikləri oyunu oynamağa məcbur etdik. Nəticədə, qarşılaşmanın böyük hissəsində ya hesabda öndə olduq, ya da rəqiblə bərabər səviyyədə mübarizə apardıq.

Oyunçularımızın tapşırıqları dəqiqliklə yerinə yetirməyə çalışmaları məni sevindirdi. Parketdə ciddi güc sərf olundu. Top daha çox paylaşıldı, müdafiədə isə daha yaxşı kollektiv oyun nümayiş etdirdik.

Əslində, hər şeyə yenidən başlayırıq. Slovakiyadakı oyundan sonra orada qalmağımız, daha sonra Danimarkada hazırlığımızı davam etdirməyimiz bizə çox yaxşı təsir etdi. Bu, sanki təlim-məşq toplanışını əvəz etdi. Buna görə klub rəhbərliyinə təşəkkür edirəm”.

Baş məşqçi əlavə vaxtda heyətlə bağlı yaranan problemlərin nəticəyə təsir etdiyini də diqqətə çatdırıb:

“Qələbə qazanmağı çox istəyirdik. Oyun əlavə vaxta gedəndə sərəncamımızda çox basketbolçu qalmamışdı. Freyzer və Kervin Volton cəzalı olduqları üçün komandaya kömək edə bilmirdilər. Gediminas Orelik isə daha əvvəl zədələnmişdi. Düşünürəm ki, Orelik zədələnməsəydi və əlavə vaxtda təcrübəli oyunçu kimi bizə kömək edə bilsəydi, nəticə fərqli olardı.

İsmayıl Məmmədov da bizə böyük kömək etdi. Arnas Sakenis son həftə ərzində məşqlərdə tam iştirak edə bilmişdi. Bu gün isə ondan demək olar ki, bütün oyun boyu istifadə etdik. O, həm çox yaxşı oynadı, həm də müəyyən mənada məcburiyyətdən bu qədər uzun müddət parketdə qaldı”.

Erhan Toker hakimlərin qərarlarına da münasibət bildirib:

“Hakimlər hər zaman ev sahibi komandaya az da olsa üstünlük verirlər. Bu dəfə də gərgin anlarda bəzən fit onların xeyrinə səsləndi.

Yekunda deyə bilərəm ki, oyunçuların performansından razı, nəticədən isə narazıyam. Bu cür oynamağa davam edərək səviyyəmizi bir qədər də yüksəltmək və qələbələri sıralamaq istəyirik.

Çətin qrupda mübarizə aparırıq. Burada çox güclü və bir-birinə bərabər səviyyəli komandalar arasında gərgin oyunlar keçirilir. Bakıya qayıtdıqdan sonra bizi əvvəlcə liqa oyunu, daha sonra isə yenidən FIBA Avropa Kubokunda matç gözləyir. Yolumuza davam edirik”.

İdman.Biz