“Cəlilabad”ın baş məşqçisi: “Silahımızı yerə qoymamışıq, mövsüm uzundur”

Xəbərlər
17 Dekabr 2023 11:05
111
“Cəlilabad”ın baş məşqçisi: “Silahımızı yerə qoymamışıq, mövsüm uzundur”

"Məğlubedilməz rəqib yoxdur. NTD-İNDİQO-nun gücünə bələdik, çox yaxşı komandadır, ancaq biz də bu oyunda gücümüzü göstərməyə çalışacağıq”.

İdman.biz xəbər verir ki, bunu "Cəlilabad" basketbol klubunun baş məşqçisi Şəhriyar Əsgərov deyib.

Debütant Azərbaycan Basketbol Liqasının XVIII turunda NTD İNDİQO-nun qonağı olacaq. Baş məşqçi bildirib ki, bu gün keçiriləcək oyun öncəsi komandada əhval-ruhiyyə çox yaxşıdır: “Məşqlərimiz uğurlu keçir. Bizi narahat edən yeganə amil Andrey Kondratyev və Raşon Consonun zədəsi ilə bağlıdır. Onlar bərpa olunurlar və ehtimal var ki, oyuna çıxsınlar. Hər bir halda, Xaçmaza məğlub olmağa gəlməmişik. Hədəfimiz qalib gəlməkdir. Azarkeşlərimizə də bildirmək istəyirəm ki, silahımızı yerə qoymamışıq, mövsüm uzundur və sona qədər mübarizə aparacağıq. Ötən dəfə qələbə əlimizdən çıxdı. Həmin oyun bizi çox məyus etmişdi. Ancaq dediyim kimi, əhval-ruhiyyəmiz yaxşıdır və yalnız qələbə barəsində düşünürük".

Qeyd edək ki, “Cəlilabad” VII turda topladığı 10 xalla turnir cədvəlinin 7-ci pillədədir.
İdman.biz

İdman.biz