Kurtinaytis: “Azərbaycan klubu FIBA Çempionlar Liqası kimi nüfuzlu turnirdə ilk dəfə qələbə qazandı”

Xəbərlər
9 Dekabr 2025 23:36
35
Kurtinaytis: “Azərbaycan klubu FIBA Çempionlar Liqası kimi nüfuzlu turnirdə ilk dəfə qələbə qazandı”

“Sabah”ın Çempionlar Liqasındakı ilk qələbəsi gecikdi”.

İdman.Biz bildirir ki, bunu "Sabah"ın baş məşqçisi Rimas Kurtinaytis “Nimburk”a (Çexiya) qarşı FIBA Çempionlar Liqasının oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:

“Azərbaycan klubu FIBA Çempionlar Liqası kimi nüfuzlu turnirdə ilk dəfə idi ki, qələbə qazandı. Biz əvvəlki oyunlarda da qələbəyə çox yaxın idik. Sadəcə, komandamızda müəyyən problemlər müşahidə olunurdu. Castin Tillman zədəli idi, Cerri Bleyks isə sonradan qoşuldu. Razıyam ki, qələbə bir qədər gecikdi. Qələbə qazana bildiyimiz üçün çox şadam. Bu uğur münasibəti ilə komandamızı, bütün basketbolsevərləri təbrik edirəm. Növbəti matçda da qalib gəlməyə çalışacağıq. Artıq bundan sonra növbəti mərhələ üçün lazım olan digər detallara diqqət edəcəyik”.

Paytaxt təmsilçisinin basketbolçusu Castin Tillman isə tarixi qələbədə hər kəsin pay sahibi olduğunu söyləyib:
“Kənardan göründüyü kimi komandada olan hamı texniki cəhətdən maksimum əlindən gələni etdi. Ona görə də bu görüşdə qələbə qazandıq. Oyunumuz da onu göstərdi ki, qələbə qazanmağa layiq idik”.

“Sabah” – “Nimburk” görüşü Azərbaycan klubunun 105:87 hesablı qələbəsi ilə qurtarıb.

İdman.Biz