“Sabah” basketbol komandası Çempionlar Liqasının əsas mərhələsində bu gün Çexiya təmsilçisi “Nimburk”la oyunda uğurlu nəticə qazana bilər.
İdman.biz xəbər verir ki, bu barədə baş məşqçi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlama verib.
Mütəxəssis bildirib ki, qarşılaşacaqları kollektiv kifayət qədər ciddi rəqibdir: “Zəngin avrokubok təcrübəsinə, böyük ənənəyə malik komandadır. Oturuşmuş sistemləri var. Müntəzəm mövsümdə debütant olsaq da, oyuna çox yaxşı hazırlaşmışıq. Məşqlərdə düşündüklərimizi oyunda reallaşdıra bilsək, uğurlu nəticə qazana bilərik.”
“Sabah”ın oyunçusu Hassani Qravett isə Çempionlar Liqasındakı ilk oyunu səbirsizliklə gözlədiyini söyləyib: “Komandada atmosfer çox yüksək səviyyədədir. Düşünürəm ki, oyun planında aqressiv olmalıyıq. Çox böyük istəklə mübarizə aparmalıyıq. Motivasiyamız yüksəkdir. Bir sözlə, bütün diqqətimiz oyuna yönəlib.”
Qeyd edək ki, bu gün Çexiyada keçiriləcək “Nimburk” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.