“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının ikinci turunda “İmişli” üzərində qazanılan 3:1 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında komandasının xüsusən ikinci hissədə daha fəal oynadığını və futbolçuların sona qədər qələbəyə inandığını bildirib.
“Gərgin və maraqlı oyun oldu. Xüsusən ikinci hissədə temp yüksəldi. Çoxlu qol epizodları yaratdıq, amma hamısından istifadə edə bilmədik. Futbolçular sona qədər inamlarını qorudular. 2:1-dən sonra geri çəkilmədik, yenə hücum düşündük və bunun nəticəsində üçüncü qolu vurduq”, - deyə mütəxəssis söyləyib.
Baş məşqçi Qismət Əliyevin ardıcıl ikinci oyunda ehtiyatda qalmasına da aydınlıq gətirib:
“Bu, mövsüm üçün planlaşdırdığımız rotasiyanın bir hissəsidir. Keçən il Qismət öz mövqeyində demək olar ki, alternativsiz idi. İndi isə üç cinah müdafiəçimiz var. Onun ehtiyatda qalması digər futbolçulardan zəif olması demək deyil”.
Sadıqov transfer çalışmalarının davam etdiyini də açıqlayıb:
“Heyətdə müəyyən çatışmazlıqlarımız var və onu genişləndirməliyik. Hazırda 5-6 futbolçu ilə danışıqlar aparırıq. Hansı transferlərin baş tutacağını yaxın zamanda görəcəyik. Danışıq apardığımız oyunçuların heç biri yerli çempionatdan deyil”.
