“Səfərdə oynayırdıq. “Sumqayıt” ötən mövsüm heç də pis komanda deyildi, çox sayda dəyişikliklər olub. Çoxlu sayda futbolçular gedib, yeniləri gəlib. Biz onların bu yay necə oynadıqlarını bilmirdik. “Şamaxı” ilə yoxlama görüşlərindən xəbərdar idik. O oyunda 4 müdafiəçi ilə oynamışdılar, bu dəfə isə 5 müdafiəçi ilə meydana çıxdılar. Bunu da oyundan əvvəl bildik”.
İdman.Biz bildirir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının birinci turunda “Sumqayıt”la oyundan sonra deyib.
Matç 3:1 hesabı ilə “Neftçi”nin xeyrinə qurtarıb.
“Amma əsas olan bizim oyunçular bilməlidir ki, biz nədən ötrü oynayırıq. Oyunumuz alındı, daha çox qol vura bilərdik. Sadəcə istifadə etmək alınmadı. Bir qol da buraxdıq. Bu cür qol buraxmamalıydıq. Oyundan, futbolçulardan, nəticədən razıyam. Önəmlisi odur ki, mövsümə qələbə ilə başladıq”, - baş məşqçi qeyd edib.
Vernidub başqa kluba keçəcəyi barədə şayiələri də dəyərləndirib: “Mənim "Neftçi" ilə müqaviləm var. Hər şeydən razıyam. Tez komanda dəyişən biri deyiləm. Müqaviləmə uyğun işimi davam etdirirəm. Böyük pullar vəd edilsə də, getmərəm. Pulların arxasınca gedən adam deyiləm. Mənim üçün işim, müqaviləm önəmlidir. Qazancım da məni qane edir. Mənim ailəm var, gəlirim hamımıza kifayət etməlidir və indiki məqamda burdakı məvacib buna bəs edir. Qardaşım, bacım, nəvələrim var. Bu gün qazandığım pul məni qane edir. Böyük məbləğ vəd edilsə də getmərəm, pul arxasınca qaçan adam deyiləm”.
