“İmişli” futbol komandasının baş məşqçisi Fərid Namazov Misli Premyer Liqasının yeddinci turunda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olduqları qarşılaşmanı dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından ümumilikdə razı qaldığını bildirib.
“Qarşılaşmanın çətin keçəcəyini əvvəlcədən bilirdik. “Qarabağ” bu mövsüm avrokubokların əsas mərhələsinə vəsiqə qazana bilmədiyi üçün çempionat oyunlarına əsas heyətlə çıxır. Əvvəlki mövsümlərdə isə avrokubok matçları səbəbindən heyətdə rotasiyalar edirdilər. Rəqibin hansı futbolçulara şans verəcəyini təxmin etmişdik və hazırlığımızı buna uyğun qurmuşduq.
İlk hissədə müdafiədə etibarlı oynamağı və əks-hücumlarla rəqibi yaxalamağı planlaşdırırdıq. Bir neçə qol vəziyyəti də yaratdıq. Eyni zamanda topa daha çox nəzarət edib inamlı oynamaq istəyirdik.
İkinci hissə əsasən “Qarabağ”ın üstünlüyü şəraitində keçdi. Rəqibə boş sahələr buraxmamağa çalışsaq da, ani diqqətsizlik nəticəsində qol buraxdıq. Bundan sonra da fərqlənmək imkanlarımız yarandı.
Son epizoda gəlincə, ikinci qoldan əvvəl top “Qarabağ”ın futbolçusuna toxunaraq meydanı tərk etmişdi və künc zərbəsi bizim xeyrimizə təyin olunmalı idi. Epizodun təkrarına da baxdıq.
Futbolçularım pis mübarizə aparmadılar və göstərdikləri oyuna görə onlara təşəkkür edirəm. Bu qədər diqqətli çıxış etdiyimiz halda iki epizodda səhvə yol verməyimiz təəssüf doğurur. Ümumilikdə komandamdan razıyam. İndi qarşıdakı “Turan Tovuz” matçına daha yaxşı hazırlaşmalıyıq”, - deyə Namazov bildirib.
