Misli Premyer Liqasında yeni mövsümə sabah start verəcək “Araz-Naxçıvan” heyətini daha iki futbolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, klub Nihat Mehrəliyev və Qabil Əlizadə ilə bir illik müqavilə imzalayıb.
21 yaşlı Nihat Mehrəliyev hücuma meyilli yarımmüdafiəçi mövqeyində çıxış edir. O, ötən mövsümü “Şamaxı”da keçirib. Futbolçu Azərbaycanın U-21 millisinin heyətində də iki qarşılaşmada meydana çıxıb.
25 yaşlı Qabil Əlizadə də hücuma meyilli yarımmüdafiəçidir. O, daha əvvəl “Araz-Naxçıvan”ın əvəzedici komandasında oynayıb. Əlizadə sonrakı dövrdə
“Sumqayıt-2”, “Karvan-Yevlax” və “Mingəçevir” klublarının da formasını geyinib.
“Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdulla Rzayev, Abdallah Sudi, Mamadu Kane, Ağadadaş Salyanski, Boyan Letiç, Mustafa Əhmədzadə və Luka Dumançiçlə müqavilə bağlayıb.
