“Qarabağ”ın prezidenti: “Son qərar Qurban hocanın fikrindən asılıdır”

14 Avqust 2026 12:48
167
“Qarabağ”ın prezidenti: “Son qərar Qurban hocanın fikrindən asılıdır”

“Qarabağ” klubunun prezidenti Tahir Gözel UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Kiyev “Dinamo”su üzərində qazanılan qələbədən sonra komandanın çıxışını şərh edib.

İdman.Biz xəbər verir ki, klub rəhbəri qarşılaşmadan məmnun qaldığını bildirib və “Qarabağ”ın oyunda çoxsaylı qol imkanları yaratdığını vurğulayıb.

“Çox möhtəşəm oyun oldu. Fürsətlərimiz kifayət qədər idi və onların bir neçəsindən istifadə edə bildik. “Dinamo” dünyada tanınan böyük klubdur, SSRİ dövründə 13 dəfə çempion olub. Bu rəqib üzərində qələbə qazanmağı çox istəyirdim. Şükürlər olsun ki, bunu bacardıq və buna görə çox sevincliyəm”, - Tahir Gözel deyib.

Klub prezidenti komandanın hazırkı heyətindən razı qaldığını, lakin tam formalaşmaq üçün müəyyən vaxta ehtiyac olduğunu da qeyd edib:

“Qarabağ” hər qarşılaşmada bir qədər də güclənir. Bəzən hətta bir neçə dəqiqə belə fərq yaradır. Çox yaxşı komanda və güclü heyət formalaşıb. Sadəcə, bizə bir az vaxt lazımdır. Bir neçə oyundan sonra daha inamlı və daha oturuşmuş “Qarabağ” görəcəyik”.

Tahir Gözel transfer məsələsinə də toxunaraq heyətin hələ tam komplektləşmədiyini bildirib. Onun sözlərinə görə, klub iki mövqe üzrə yeni futbolçu axtarışını davam etdirir:

“Hələ müəyyən çatışmazlıqlarımız var və axtarışlarımız davam edir. İki futbolçuya ehtiyacımız olduğunu düşünürəm. Klub çox iddialıdır və rəhbərlik tərəfindən tam dəstək var. Son qərar Qurban hocanın fikrindən asılıdır. Amma heyəti tam əla səviyyəyə çatdırmaq üçün daha iki oyunçu lazımdır”.

“Qarabağ”ın Konfrans Liqasında finala qədər irəliləmək potensialı ilə bağlı fikirlərə münasibət bildirən Tahir Gözel komandanın hazırkı səviyyəsinə inandığını vurğulayıb:

“İnşallah. Mən bu komandaya həqiqətən inanıram. Bugünkü “Qarabağ”ın oyununa və keyfiyyətinə baxanda artıq Avropa səviyyəsində futbol gördüyümüzü deyə bilərik. Yenə də zamana ehtiyacımız var. İki-üç oyundan sonra komanda tam formalaşacaq”.

İdman.Biz