Azərbaycan çempionatında 11-ci komanda

Xəbərlər
7 Dekabr 2023 11:13
160
Azərbaycan çempionatında 11-ci komanda

“Şahdağ Qusar” futbol klubu Azərbaycan çempionatlarında 200-cü qələbəsini qazanıb.

İdman.biz xəbər verir ki, II Liqada mübarizə aparan komanda 13-cü turun matçında “Göygöl”ə qalib gəlib.

Qusarlılar səfərdə 4 cavabsız qol vurub. Bu, “Şahdağ Qusar”ın II Liqada 8-ci qələbəsi olub. Ölkə çempionatlarında 1992-ci ildən çıxış edən komanda cari mövsümədək fasilələrlə mübarizə apardığı Premyer Liqada (əvvəl güclülər dəstəsi) 59, I Liqada (əvvəl I dəstə və I divizion) 133 dəfə qalib gəlib.

“Şahdağ”, “Neftqaz” və “Şahdağ Samur” adlarını da daşımış klub 200-cü qələbəsini ümumilikdə 558-ci görüşündə əldə edib.

“Şahdağ Qusar” ölkə futbolu tarixinə çempionatda ən azı 200 qələbə qazanan 11-ci komanda kimi düşüb. Qusarlıların ilk qələbəsi 1992-ci il mayın 8-də güclülər dəstəsinin “Çıraqqala” ilə ev matçına təsadüf edib (1:0).

İdman.biz