Qurban Qurbanov: “Millinin oyunları ilə bağlı fasilə futbola çox böyük zərbə vurur”

Xəbərlər
12 Noyabr 2023 22:13
444
Qurban Qurbanov: “Millinin oyunları ilə bağlı fasilə futbola çox böyük zərbə vurur”

"Çox vacib qələbə qazandıq. Sürətli əks-hücumları olan komandaya qarşı oynayırdıq. Yorğunçuluq olsa da, futbolçular sona qədər oyun intizamını qoruyub-saxlaya bildilər”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Premyer Liqasının XIII turundan “Səbail”i 3:1 hesabı ilə məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis standart vəziyyətləri ilə bağlı suala cavab verib: “Künc zərbələrinin üzərində çalışan sırf komandalar var. Amma biz daha çox başqa, bizə lazım olan detallar üzərində çalışırıq, işləyirik. Lakin bu o demək deyil ki, biz künc zərbəsi zamanı düşünülməyən ötürmələr veririk. Rəqibi də nəzərə almaq lazımdır. Deməzdim ki, biz nəticəmizi sırf bunun üzərində qurmaq istəyirik. Başqa elementlərə vaxt ayırdığımız kimi, bunun da üzərində işləyirik. Ola bilər ki, standart vəziyyətlərdən tam istifadə etməyi bacaran futbolçularım da azdır. Bunun üçün görürsən xüsus oyunçular olur ki, ondan istifadə edib, vacib qollar vururlar. Standart vəziyyətlərdən, künc zərbələrindən də qol vuraraq qalib gəldiyimiz oyunlar da olub”.

Qurban Qurbanov milli fasilənin futbola böyük zərbə vurduğunu qeyd edib. O, bu amilin klubların işinə zərbə vurduğunu bildirib: “Millinin oyunları ilə bağlı futbola çox böyük zərbə vurur. Dəfələrlə olub ki, ən bahalı oyunçum yığmaya gedib, amma zədəli qayıdıb. Bütün Avropa, bütün böyük klublar da bundan şikayət edir. Futbolçular yaxşı idman formasına gəlib çatırlar, sonra fasilə olur, milliyə gedib yorğun gəlirlər, burada olanlar da öz idman formasından uzaqlaşırlar. Bəlkə də, nəyisə dəyişmək olar. UEFA və FİFA bu haqda düşünməlidir. Futbolçu ilə illik müqavilə imzalayırsan. Ancaq hansısa diqqətsiz addıma görə, futbolçu zədələnir. Altı aydan sonra onu yenidən idman formasına gətirirsən, amma yarım illik müqavilə artıq getmiş olur. Çox böyük zərbədir. Ələlxüsus da, bizim kimi klublara. Ona görə bu dəqiqə tək bizim yox, bütün dünya klublarının böyük problemidir. Gələcəkdə hansısa dəyişiklik olacaq ya, yox bilmirəm”.

İdman.biz