Rəvan Kərimov: “Qazaxıstan üzərində psixoloji üstünlüyümüz var”

Xəbərlər
3 Noyabr 2023 15:03
295
Rəvan Kərimov: “Qazaxıstan üzərində psixoloji üstünlüyümüz var”

“Yarımfinalda Qazaxıstan ilə qarşılaşmaq istəməzdik. Çünki dünya çempionluğuna favoritlər arasında rəqibin də adı var”.

Bunu İdman.biz saytına minifutbol üzrə dünya çempionatının yarımfinalına yüksələn Azərbaycan millisinin oyunçusu Rəvan Kərimov deyib.

1/4 finalda Bolqarıstan üzərində 3:1 hesablı qələbənin qazanılmasında böyük payı olan Rəvan vurulan qollardan birinin müəllifi olub. Kərimov yarımfinaldakı rəqib Qazaxıstandan çəkinmədiklərini bildirib: “Qazaxıstan ötən dünya çempionu Meksikanı mübarizədən kənarlaşdırıb. Dünən isə mundialın qələbəyə əsas namizədlərdən Çexiyanı əzmkar şəkildə məğlub etdilər. Rəqibdən çəkinmirik. Biz onları Avropa çempionatının yarımfinalında məğlub etmişdik. Düşünürəm ki, Qazaxıstan üzərində psixoloji üstünlüyümüz var. Tam hazırıq. Oyun vaxtını səbirsizliklə gözləyirik. İnşallah axşam qələbə qazanacağımıza inanıram”.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan matçı bu gün saat 20:30-da start götürəcək.

Emin Ağa
İdman.biz