Olavio Juninyo: “Həm bizə, həm də “Braqa” üçün asan olmayacaq”

Xəbərlər
6 Fevral 2024 10:21
873
Olavio Juninyo: “Həm bizə, həm də “Braqa” üçün asan olmayacaq”

“Uşaqlıq arzum olan Çempionlar Liqasında oynamaq istəyi və klubun təqdim etdiyi layihə məni dəyişdi”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın braziliyalı futbolçusu Olavio Juninyo deyib.

Portuqaliya mətbuatına müsahibə verən hücumçu Azərbaycan Premyer Liqasında bombardir olması və avrokuboklarda da məhsuldarlıq göstərməsinin sirrini açıqlayıb: “Mən hələ orada deyil, Avropa Liqasındayam. Amma burada da xeyli irəliləmişik. Özümü məmnun hiss edirəm. Bu qədər çox qol vurmağım onunla bağlıdır ki, komandanın oyununa, baş məşqçimiz Qurban Qurbanovun ideyalarına uyğun gəldim. Ölkəyə yarım il əvvəl gəlsəm də, çox yaxşı adaptasiya ola bildim”.

Olavio komanda yoldaşı Riçard Almeydanın “Qarabağ”da olmasının vacib rolunu qeyd edib: “Mənim bəxtim də gətirdi ki, burada Riçard Almeyda kimi braziliyalı oyunçu var. O, artıq yerli mədəniyyətə də bələddir və mənim adaptasiya prosesimi sürətləndirdi. Onun mənə etdiyi köməyə görə minnətdaram. İlk vaxtlar başqa ölkə, fərqli mədəniyyətə görə heç də asan deyildi”.

Juninyo Avropa Liqasının qrupunda “Bayer”ə qarşı keçirilən matçları xüsusi vurğulayıb: “Bayer”lə oyunlar xəyal idi. Çünki digər matçlarla müqayisədə tam fərqli atmosfer hökm sürürdü. Bu, inanılmaz təcrübə idi. Avropada ümumiyyətlə asan oyun olmur”.

Portuqaliyada “Eştoril” və “Şaveş”də oynamış forvard Avropa Liqasının pley-off mərhələsinin “Braqa” ilə görüşlərinin çətinliyini də etiraf edib: “Həm bizə, həm də “Braqa” üçün asan olmayacaq. Rəqib necə oynamaq lazım gəldiyini bilən əla komandadır. Amma biz bu uğura qədər addım-addım irəliləmişik və başqa heç nə haqda düşünməmişik”.

Qeyd edək ki, “Qarabağ”ın “Braqa” ilə ilk matçı fevralın 15-də keçiriləcək.

İdman.biz