Rahid Əmirquliyev: “Birinci Liqada oynamaq elə də asan deyil”

16 Sentyabr 2026 17:54
70
Rahid Əmirquliyev: “Birinci Liqada oynamaq elə də asan deyil”

“Azərbaycan Premyer Liqasından gəlib, Birinci Liqada oynamaq asan deyil”.

Bunu “Səbail”in futbolçusu və klub prezidenti Mirzə Bayrampurun müşaviri Rahid Əmirquliyev deyib.

Təcrübəli yarımmüdafiəçi Birinci Liqanın İkinci turunda “Mingəçevir”ə qarşı meydana çıxmasından danışıb.

“Birinci Liqanın səviyyəsi ilə Premyer Liqa arasında fərq var. Lakin inanın ki, Birinci Liqada oynamaq elə də asan deyil. Ötən il də aşağı dəstədə çıxış etmişdim. Bəzən düşünürlər ki, Premyer Liqadan gəlib Birinci Liqada asanlıqla oynayacaqlar, amma elə olmur. Burada oynamaq çox çətindir”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.

O, mövsümə xal itkisi ilə başlamaları və növbəti matçda qələbə qazanmaları barədə söz açıb:

“Sevindirici haldır ki, son oyunumuzda qələbə qazandıq. Baxmayaraq ki, ilk turda xal itirmişdik. Vəziyyəti müsbətə doğru dəyişməyə çalışırıq. Lakin bildirməliyəm ki, “Mingəçevir” komandası ilə matç bizim üçün asan olmadı. Birinci turda xal itirməyimizə baxmayaraq, tək hədəfimiz çempion olmaqdır. Hər oyuna da maksimum nəticə qazanmaq üçün çıxacağıq. Qarşıda bizi uzun çempionat gözləyir. Bəzən xal itkiləri ola bilər, lakin sonda sevinən tərəf olmaq istəyirik”.

Qeyd edək ki, 37 yaşlı futbolçu cari mövsüm “Səbail” komandası ilə “1+1” illik müqavilə imzalayıb. Onun komandası Birinci Liqanın ilk turunda “Xankəndi” komandası (1:1) ilə bərabərə qalıb, İkinci turda isə “Mingəçevir”ə (2:1) qalib gəlib.

İdman.Biz