Bəxtiyar Musayev: “Murad Musayevin gedişi “Sabah” üçün böyük itkidir”

Müsahibə
2 Fevral 2024 00:03
136
Bəxtiyar Musayev: “Murad Musayevin gedişi “Sabah” üçün böyük itkidir”

“Murad Musayevin gedişi mənim üçün gözlənilməz oldu”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

O, “Sabah”ın baş məşqçisi Murad Musayevin istefasına münasibət bildirib. Musayev bildirib ki, “Sabah” komandası il ərzində nə qədər qeyri-stabil oyun nümayiş etdirsə də, rusiyalı mütəxəssis komanda üçün böyük işlər görüb: “O, gələn gündən “Sabah” da məşqçi işi hiss olunurdu. Murad “Sabah” da israrla qalmaq istəməyibsə başqa məsələdir. Yox, əgər klub rəhbərliyi onun gedişinə rahatlıqla razılıq veribsə və qalması üçün heç bir təşəbbüs göstərməyibsə, çox səhv iş görüb. Çünki Musayev “Sabah”a gəlməmişdən öncə klubun vəziyyəti göz önündə idi. Komanda büdcəsinə və şəraitinə görə bərbad çıxış edirdi. Məşqçilər bir-birini əvəz edirdi, lakin bir nəticə olmurdu”.

Murad Musayevin gəlişindən sonra yüksələn “Sabah” görməyə alışdığını vurğulayan veteran futbolçu son nəticələrin qənaətbəxş olmamasının səbəblərini də açıqlayıb: “Bəli, son vaxtlar nəticələri zəif var idi. Bunun da bir sıra səbəbləri var. “Sabah”ın iki əsas oyunçusunun getməsi və xeyli sayda yanlış transferlər nəticəyə birbaşa təsir göstərdi. Nə qədər çox legioner gətirilsə də, heç bir gözləniləni vermədi. Amma inanırdım ki, Musayev çempionatın sonunda komandasını avrokuboka daşıyacaq və yüksək yerlərdə qərarlaşacaq. Bir sözlə, onun gedişi “Sabah” üçün böyük bir itkidir”.

Qeyd edək ki, 2021-ci il oktyabrın 30-da “Sabah”la müqavilə imzalayan Musayev bu gün istefa verib.

Banuçiçək Hüseynli
İdman.biz