“Sabah” futbol komandasının Çempionlar Liqasındakı qələbəsi ölkəmizin UEFA reytinqində irəliləməsinə səbəb olub.
İdman.Biz xəbər verir ki, Masazır təmsilçisi turnirin ikinci turunda Çexiyanın “Slaviya” (Praqa) komandasını 2:0 hesabı ilə məğlub edərək Azərbaycanın aktivinə 0,500 əmsal xalı qazandırıb.
Bu nəticədən sonra Azərbaycan UEFA-nın son beş mövsümü əhatə edən ölkə reytinqində 24,187 xalla 24-cü pilləyə yüksələrək 24,125 xalı olan İsraili qabaqlayıb. 23-cü yerdə olan Ukraynanın 24,337 xalı var. UEFA reytinqində İngiltərə 104,019 xalla liderdir.
Azərbaycan klublarının cari mövsümdə topladığı 5,625 xal isə Avropada ikinci ən yüksək göstəricidir. Bu baxımdan yalnız Portuqaliya 5,900 xalla ölkəmizi qabaqlayır. Azərbaycan mövsümlük əmsal sıralamasında İngiltərə (5,500), İspaniya (5,375) və Almaniya (5,285) kimi ölkələri geridə qoyub.
Qeyd edək ki, Azərbaycan daha əvvəl bu göstəricidə Portuqaliya və İngiltərədən sonra üçüncü pillədə qərarlaşıb. Lakin İngiltərənin “Mançester Yunayted” futbol komandasının İspaniyanın “Atletiko” klubuna 0:2 hesabı ilə uduzması və “Sabah”ın qələbəsi ölkəmizin ikinci yerə yüksəlməsinə şərait yaradıb.
UEFA-nın klub reytinqində də dəyişiklik baş verib. “Sabah” 17 pillə irəliləyərək 147-ci yerdən 130-cu sıraya yüksəlib. Komandanın aktivində 14 xal var ki, bunun səkkizi cari mövsümdə qazanılıb.
Azərbaycanın digər təmsilçisi “Qarabağ” isə 36,250 xalla 59-cu pillədə qərarlaşıb.
