“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının yeddinci turunda “Sabah”la qolsuz başa çatan qarşılaşmadan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis oyunsonrası mətbuat konfransında qol vurulmamasına baxmayaraq, hər iki komandanın çıxışından razı qaldığını bildirib.
“Həm “Neftçi”nin, həm də “Sabah”ın oyunu çox xoşuma gəldi. Kimə qarşı oynadığımızı yaxşı bilirdik. Ölkə çempionu, Çempionlar Liqasında çıxış edən komanda ilə qarşılaşırdıq. “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzmasına baxmayaraq, “Sabah” yaxşı futbol nümayiş etdirmişdi. Bu gün bərabər mübarizə gördük. Təəssüf ki, imkanlarımızdan yararlana bilmədik. Səhv etmirəmsə, “Sabah” altı oyunda cəmi bir qol buraxıb. Bu da rəqibin müdafiəsinin nə qədər yaxşı təşkil olunduğunu göstərir”.
Vernidub futbolçularına göstərdikləri mübarizəyə görə təşəkkür edib:
“Oyunçulara yüksək intensivliyi qoruduqları və ikili mübarizələrdə geri çəkilmədikləri üçün minnətdaram. Bizi qane etməyən yeganə məqam qol vura bilməməyimizdir. Amma nəzərə almalıyıq ki, çempiona qarşı oynayırdıq. Bu bir xal da bizi qane edir, çünki irəliləməyə davam etməyə imkan verir”.
Baş məşqçi bir xal qazanmaq, yoxsa iki xal itirmək barədə suala isə fərqli cavab verib:
“Mən baş məşqçiyəm və baş məşqçi üçün bu, iki xal itirmək deməkdir. Çünki həmişə qalib gəlmək istəyirəm. Düşünürəm ki, həmkarım Dambrauskas da eyni fikirdədir. Rəqibimizin kim olmasının fərqi yoxdur. Məşqçi başqa cür düşünsə, komanda da buna uyğun oynamağa başlayacaq”.
Vernidub milli komandaların oyunları ilə bağlı fasilənin yaratdığı çətinliklərdən də danışıb. Onun sözlərinə görə, “Neftçi”nin səkkiz, “Sabah”ın isə on futbolçusu yığmaların düşərgəsinə yollanıb. Denzel Jubitana yalnız görüşdən bir gün əvvəl qayıdıb, Sessi D'Almeyda isə komandaya qoşula bilməyib.
“Qarabağ” və “Turan Tovuz”la qarşıdakı oyunlara toxunan mütəxəssis komandasının hədəfini açıqlayıb:
“Bir daha təkrar edirəm, həmişə qalib gəlmək istəyirəm. Evdə və ya səfərdə oynamağımızın fərqi yoxdur. Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq”.
Baş məşqçi ikinci hissədə Qustavo Klismanın problemlə üzləşməsinə baxmayaraq, Emin Mahmudovu meydana buraxmamasının səbəbini də izah edib:
“Oyundan əvvəl kimin kimi əvəz edə biləcəyini müəyyənləşdiririk. Bu gün intensivliyi qorumaq üçün Emil Səfərovu meydana buraxmaq qərarına gəldik. O, gənc futbolçudur və bu tapşırığın öhdəsindən gəlməyə çalışdı. Növbəti oyunda qərar fərqli ola bilər. Hamı oynamaq istəyir, amma hər kəsi meydana buraxa bilmərəm”.
Vernidub Klismanın meydanı tərk etməsi ilə bağlı fasilədən sonra mümkün əvəzetmələrin sayı barədə anlaşılmazlıq yarandığını da bildirib:
“Oyundan sonra hakim dedi ki, daha iki futbolçunu əvəz edə bilərdik. Amma sonradan bizi qayda pozuntusunda ittiham etmələrini istəmirdim. Buna görə də dörd əvəzetmə ilə kifayətləndik”.
Ukraynalı mütəxəssis hakimliyi şərh etməkdən imtina edib. O, hakimin hər iki komandaya eyni münasibət göstərdiyini və idarəçilikdə ciddi nöqsan görmədiyini qeyd edib.
