“Sabah”ın futbolçusu Velko Simiç Misli Premyer Liqasının yeddinci turunda “Neftçi” ilə keçirilən və 0:0 hesabı ilə başa çatan görüşü şərh edib.
İdman.Biz-ə açıqlamasında futbolçu milli komandaların oyunları ilə əlaqədar yaranan fasilənin komandanın çıxışına təsir etdiyini bildirib.
“Düşünürəm ki, bu, bizim üçün ən yaxşı oyun deyildi. Üç həftəlik fasiləmiz oldu və komandanın böyük hissəsi milli komandaların düşərgəsində idi. Hətta birlikdə məşq etməmişdik. Ona görə də bu gün oyun ritmimizin bir qədər çatışmadığı hiss olunurdu. Amma ciddi problem yoxdur. Bir xalla kifayətlənirik və yolumuza davam edirik”.
Simiç Çempionlar Liqasında Praqa “Slaviya”sı ilə keçiriləcək ev oyununun “Neftçi” ilə qarşılaşmaya köklənmələrinə təsir etmədiyini vurğulayıb. Onun sözlərinə görə, futbolçular bütün diqqətlərini çempionat matçına yönəldiblər və sabahdan etibarən Çempionlar Liqasındakı görüşə hazırlaşacaqlar.
Yarımmüdafiəçi “Slaviya” ilə oyunda heç-heçənin onları qane edib-etməyəcəyi barədə suala da cavab verib:
“Biz heç vaxt meydana heç-heçə üçün çıxmırıq. Belə yanaşmamız yoxdur. Qalib gəlmək, oynamaq və dominantlıq etmək istəyirik. Buna görə də Çempionlar Liqasında da özümüzü göstərməyə və matçda qalib gəlməyə çalışacağıq. Bizim yanaşmamız budur.
Məşqçilər korpusumuzdan eşitdiyimə görə, “Slaviya” fiziki cəhətdən həqiqətən güclü komandadır. Çox mütəşəkkil və güclü rəqibdir. Biz də onlara eyni şəkildə cavab verməliyik”.
Sonda Simiç Çempionlar Liqasındakı qarşılaşmaya çoxsaylı azarkeşin gələcəyinə ümid etdiyini bildirib.
