“Dinamo” ilə oyunda çox vacib və inamlı qələbə qazandıq. Belə oyunlarda təkcə qələbə qazanmaq yox, komandanın xarakterini ortaya qoymaq da çox önəmlidir”.
Bu sözləri İkinci Liqada mübarizə aparan “Marafon”nun kapitanı Nodar Məmmədov deyib.
Təcrübəli futbolçu komandasının bu mövsüm üçün əsas hədəfinin çempionluq olduğunu bildirib
“Biz bunu bacardığımız üçün həm nəticədən, həm də göstərdiyimiz mübarizədən razıyıq. “Marafon” komandası olaraq bu mövsüm qarşımıza qoyduğumuz əsas hədəf çempionluqdur. Artıq üçüncü ildir ki, bu liqada mübarizə aparıram və əvvəlki iki mövsümdə də çempionluq uğrunda sona qədər mübarizə aparmışıq. Amma bu mövsüm çempionatın səviyyəsi və rəqabət əvvəlki illərdən ciddi şəkildə fərqlənir. Əvvəlki mövsümlərdə adətən iki-üç komanda çempionluğun əsas namizədi kimi mübarizə aparırdı. Bu il isə vəziyyət tamam başqadır. Hazırda altı komanda çempionluq uğrunda mübarizə aparır. Demək olar ki, hər turda turnir cədvəlində vəziyyət dəyişə bilər. Bir oyunda qazanılan və ya itirilən xallar mövsümün sonunda çox böyük əhəmiyyət daşıya bilər. Məhz buna görə fikrimcə, son illərin ən gərgin və rəqabətli çempionatına şahidlik edirik. Burada heç bir oyuna rahat yanaşmaq mümkün deyil. Çempion olmaq istəyiriksə, yalnız güclü rəqiblərlə oyunlarda deyil, bütün matçlarda stabil çıxış etməliyik. Biz öz gücümüzə inanırıq”, - deyə o sport24.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, “Marafon” İkinci Liqada beş turdan sonra 13 xalla ikincidir.
