Klub rəsmisi “Xankəndi”nin şəhərə dönüşündən danışdı

23 Sentyabr 2026 15:55
69
Klub rəsmisi “Xankəndi”nin şəhərə dönüşündən danışdı

“Xankəndi” futbol komandasının Xankəndi şəhəri ilə bağlılığı sadəcə klubun adında deyil, həm də onun fəaliyyətinin şəhərlə birbaşa əlaqələndirilməsi istiqamətində atılan konkret addımlarda özünü göstərir”.

Bu barədə klubun mətbuat katibi Günel Abbas məlumat verib.

Onun sözlərinə görə, 2024-cü ildən fəaliyyət göstərən klubun eyniadlı şəhərlə bağlılığı yalnız simvolik xarakter daşımır.

Mətbuat katibi bildirib ki, Xankəndi Stadionunun klubun istifadəsinə verilməsi və ev oyunlarının Xankəndidə keçirilməsi bu bağlılığın praktiki ifadəsi olacaq.

O, hazırda Xankəndi Stadionunda təmir və hazırlıq işlərinin davam etdirildiyini diqqətə çatdırıb:

“Stadionun təmir edilərək istifadəyə hazırlanmasının əsas məqsədlərindən biri “Xankəndi”nin ev oyunlarını məhz burada keçirməsi, komandanın Xankəndidə məşq və oyun prosesini təşkil etməsi üçün şəraitin yaradılmasıdır”, - deyə o sportify.az-a açıqlamasında vurğulayıb.

G.Abbasın sözlərinə görə, klubun stadiondan istifadəsi ilə bağlı iyulun 30-da müqavilə də imzalanıb. Müqavilədə Xankəndi Stadionunun klubun məşq və oyunlarının keçirilməsi üçün istifadəsi nəzərdə tutulur. Sənəddə stadionun istifadəyə verilməsinin məqsədləri sırasında bölgədə futbolun inkişafına dəstək göstərilməsi, “Xankəndi”nin məşq və oyunlarının keçirilməsi üçün şərait yaradılması ayrıca qeyd olunur.

Klub rəsmisi bildirib ki, hələlik komandanın Xankəndidə oyun keçirməsi mümkün olmayıb. Bunun əsas səbəbi stadionun hələ tam hazır olmaması və təmir işlərinin davam etməsidir:

“Stadion istifadəyə verildikdən sonra komandanın Xankəndiyə gətirilməsi, burada məşqlərin və ev oyunlarının keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, hazırda “Xankəndi” Azərbaycan Birinci Liqasında üç oyundan bir xalla 10 komanda arasında yeddinci yerdə qərarlaşıb. Kollektiv rəqiblərini Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda qəbul edir. Klubun Xankəndi Stadionuna arenanın açılışından sonra - oktyabrda gəlişi planlaşdırılır.

İdman.Biz
Məqalədə: