“Sabah”ın gənc qapıçısı: “Milli komandadan gələn dəvət gözlənilməz oldu” - VİDEO

23 Sentyabr 2026 11:50
52
“Sabah”ın gənc qapıçısı: “Milli komandadan gələn dəvət gözlənilməz oldu”

“Milli komandada çıxış etmək hər bir futbolçu üçün fəxrdir. Eləcə də mənim üçün. Bu xüsusi hissləri sözlə ifadə etmək çətindir”.

Bu sözləri ilk dəfə Azərbaycanın əsas milli komandasına dəvət alan “Sabah”ın gənc qapıçısı Rəvan Mirzəmmədov deyib.

Qolkiper bu yolda ona dəstək olan hər kəsə, ilk məşqçisi Məmmədəli Ağatalıbova və bu səviyyəyə çatmasında böyük rolu olan klubuna təşəkkür edib.

“İnanıram ki, şans qazanacağım halda öz oyunumla millimizin məşqçilərinin ümidlərini doğruldacağam”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.

Mirzəmmədov Azərbaycan Premyer Liqasının beşinci turunda “Şəfa”ya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra millinin seçmə mərhələ matçlarına dəvət alacağını gözləmədiyini bildirib:

“Düzü, dəvət bir qədər gözlənilməz oldu. Amma bayaq da qeyd etdiyim kimi, millinin formasını geyinmək hər bir futbolçu üçün fəxrdir. Etimad göstərdiklərinə görə millimizin məşqçilərinə təşəkkür edirəm”.

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarında meydana çıxmaq ehtimalından da danışan qapıçı bunun məşqçilər korpusunun qərarından asılı olduğunu vurğulayıb:

“İstənilən qərara hörmətlə yanaşmaq lazımdır. Əlbəttə, şans qazanacağım halda fayda vermək üçün əlimdən gələni edəcəyəm”.

İdman.Biz