Misli Premyer Liqasının altıncı turunda “Sumqayıt”la 1:1 hesablı heç-heçədən sonra “Kəpəz”in baş məşqçisi Azər Məmmədov mətbuat konfransında qarşılaşmanı dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis görüşün maraqlı keçdiyini və azarkeşlərin oyundan zövq aldığını düşündüyünü bildirib.
“Biz bu oyuna qələbə üçün çıxmışdıq. ‘Sumqayıt’la aramızdakı xal fərqini artırmaq istəyirdik. Amma bir xal da bizim üçün vacibdir. Xalımızın üstünə bir xal da gəldi”, - deyə Məmmədov bildirib.
Məmmədov Viktor Stinanın ləğv edilən qolundan sonra komandada psixoloji eniş yarandığını etiraf edib:
“Birinci qolu vurduq, amma qol ləğv edildi. Bundan sonra futbolçularda istər-istəməz müəyyən psixoloji eniş yarandı. Sonra qol buraxdıq. Buna baxmayaraq, uşaqlar geridönüş etdilər və hesabı bərabərləşdirdilər. Hətta son epizoddan istifadə etsəydik, qələbə də qazana bilərdik”.
Azər Məmmədov ləğv edilən qolla bağlı epizodu hələ təkrar izləmədiyini deyib:
“Həmin epizoda təkrar baxmağa vaxtım olmayıb. Hakim epizoda məndən daha yaxın idi və VAR da baxdı. Əgər belə qərar verilibsə, yəqin ki, düzgündür. Təkrara baxdıqdan sonra özüm də bir qənaətə gələcəyəm”.
Baş məşqçi “Kəpəz”in yenidən qurulan komanda olduğunu vurğulayıb:
“Biz hər oyuna qələbə üçün çıxırıq. Komanda demək olar ki, yenidən qurulub. ‘Kəpəz’ artıq bir neçə ildir bu prosesi keçir. Belə şəraitdə stabillik yaratmaq asan deyil. Biz də çalışırıq ki, həmin stabilliyi təmin edək. Dörd oyundan yeddi xalın bizim üçün yaxşı nəticə olduğunu düşünürəm”.
O, qələbənin əldən çıxmasının əsas səbəbini isə hücumların sonlandırılmasında görüb:
“Demək olar ki, hər oyunda qol vurmuşuq, yalnız “Sabah”la matç istisnadır. Amma son nöqtəni qoymaqda problemimiz var. Düşünürəm ki, futbolçularımıza bu baxımdan bir az təcrübə çatmır. Daha çox qol vura bilərik”.
Mütəxəssis komandanın ümumi çıxışından razı qaldığını, lakin fasilə dövründə ciddi iş görülməli olduğunu qeyd edib:
“Komandamdan razıyam, amma üzərimizdə çox işləməliyik. Milli komandaların oyunları ilə əlaqədar fasilədə çalışacağıq ki, komandanı daha da yaxşılaşdıraq”.
