“Kəpəz”in kapitanı: “Doğma publika önündə oynamaq asan deyil” - VİDEO

19 Sentyabr 2026 15:35
117
“Kəpəz”in kapitanı: “Doğma publika önündə oynamaq asan deyil” - VİDEO

“Hazırda turnir cədvəlinin altıncı pilləsində qərarlaşmışıq. Dörd oyunun ikisində qalib gəlmişik, digər ikisində isə uduzmuşuq. Fikrimcə, çempionatın startını komandamız üçün qənaətbəxş saymaq olar”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Kəpəz” futbol klubunun kapitanı Əli Səmədov klubun rəsmi saytına müsahibəsində deyib.

Təcrübəli yarımmüdafiəçi müsahibə zamanı cari mövsümdə “sarı-göylər”in qarşısına qoyulan hədəfdən, öz oyunundan, eləcə də “Sumqayıt”la sabahkı görüşdən danışıb. O, gəncəli azarkeşlərin komandaya dəstəyini də xüsusi qeyd edib:

“Bizim mükəmməl azarkeşlərimiz var. Onlar doğma stadionda rəqiblərimizi qorxuya salırlar. Bu ab-havada oynamaq hər qonaq komanda üçün asan deyil. Fanatlar həmişə qələbə istəyirlər, tələbləri ciddi olur. Amma unutmaq lazım deyil ki, bizim də heyətimizə uyğun müəyyən potensialımız var. Hər bir halda, doğma publika önündə bütün ev oyunlarımızı qələbə ilə başa vurmağa çalışırıq. Fürsətdən istifadə edib bizə dəstək göstərən azarkeşlərimizin hamısına təşəkkürümü çatdırıram”.

İdman.Biz