Yankoviç Monteneqro millisində əsas seçimlərdən biri kimi göstərildi

17 Sentyabr 2026 13:43
90
Yankoviç Monteneqro millisində əsas seçimlərdən biri kimi göstərildi

“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro milli komandasının yarımmüdafiə xətti ilə bağlı aparılan müzakirələrdə ön plana çıxıb.

İdman.Biz xəbər verir ki, “Vijesti” portalı yığmanın qarşıdakı UEFA Millətlər Liqası oyunları üçün mümkün seçimlərini təhlil edərkən təcrübəli futbolçunun adını ayrıca qeyd edib.

Mənbə Monteneqronun yarımmüdafiəsində gənc Andriya Bulatoviç və Vasili Adjiçin yüksəlişinə diqqət çəkib. Hər iki futbolçunun Fransa və İtaliyada inkişaf etdiyi, gələcəkdə milli komandanın əsas simalarına çevrilə biləcəyi vurğulanıb.

Bununla yanaşı, “Vijesti” daha təcrübəli seçim kimi Yankoviçi önə çıxarıb. Portal “Qarabağ”ın yarımmüdafiəçisinin mövsümə yüksək motivasiya ilə başladığını və Ağdam klubunun ölkə çempionluğunu geri qaytarmaq mübarizəsində vacib fiqurlardan biri olduğunu qeyd edib.

Xatırladaq ki, Monteneqro millisi UEFA Millətlər Liqasının 2026/27 mövsümündə Ermənistanla qarşılaşacaq. İlk oyun sentyabrın 28-də İrəvanda keçiriləcək. Cavab qarşılaşması isə oktyabrın 5-də Podqoritsada baş tutacaq.

Qeyd edək ki, Marko Yankoviç ötən mövsüm Azərbaycan Premyer Liqasında “Qarabağ”ın heyətində 26 oyunda iki qol vurub. Çempionlar Liqasında isə 13 matçda iki qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Bu mövsüm yarımmüdafiəçi ölkə çempionatında dörd oyunda meydana çıxıb.

İdman.Biz