Azərbaycanın “Sabah” futbol klubu Çempionlar Liqasının əsas mərhələsində “Mançester Yunayted”ə qarşı keçirdiyi debüt matçında qeyri-adi göstəriciyə imza atıb.
İdman.Biz “Opta”ya istinadən xəbər verir ki, “Sabah” Çempionlar Liqası tarixində debüt matçında start heyətində 11 müxtəlif futbol assosiasiyasını təmsil edən futbolçulara yer verən ilk klub olub.
Qapıda qazaxıstanlı Stas Pokatilov çıxış edib. Müdafiədə polşalı Timoteuş Puxaç, CAR təmsilçisi Eyden Makkarti, azərbaycanlı Rəhman Daşdəmirov və əlcəzairli Hakim Zedadka yer alıblar.
Yarımmüdafiədə Özbəkistan təmsilçisi Umarali Rahmonaliyev və xorvatiyalı İvan Lepinyitsa çıxış ediblər. Hücum xəttini yamaykalı Kahim Parris, serbiyalı Velko Simiç və nigeriyalı Kristian Nvaçukvu təşkil edib, hücumun önündə isə Coy-Lens Mikels yer alıb.
Mikelslə bağlı ayrıca dəqiqləşdirmə etmək lazımdır. O, Almaniyada doğulub və Almaniya vətəndaşlığına malikdir, lakin Ruanda köklərinə sahibdir və Ruanda milli komandasında çıxış edir. Buna görə də bu halda o, Ruandanı təmsil edir.
Beləliklə, “Sabah”ın start heyətində Qazaxıstan, Əlcəzair, Azərbaycan, CAR, Polşa, Özbəkistan, Xorvatiya, Yamayka, Serbiya, Nigeriya və Ruanda təmsil olunub.
Diqqətçəkən məqam odur ki, start heyətində yeganə azərbaycanlı futbolçu Rəhman Daşdəmirov olub.
Xatırladaq ki, “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsindəki debüt görüşü “Mançester Yunayted”in 4:0 hesablı qələbəsi ilə başa çatıb.
