“Sabah” “Mançester Yunayted”ə uduzmaya bilərdimi? - İDMAN.BİZ-in TƏHLİLİ

11 Sentyabr 2026 13:58
79
“Sabah” “Mançester Yunayted”ə uduzmaya bilərdimi? - İDMAN.BİZ-in TƏHLİLİ

“Sabah”ın Çempionlar Liqasının(ÇL) Liqa mərhələsindəki tarixi debütü “Mançester Yunayted”ə 0:4 hesablı məğlubiyyətlə başa çatdı. Nəticə ağır görünür, amma oyunun gedişi yalnız tabloya baxanda təsəvvür ediləndən daha mürəkkəb idi.

İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın komandası “Old Trafford”a yalnız müdafiə olunmaq üçün çıxmamışdı. “Sabah” müdafiə xəttini kifayət qədər irəlidə saxlayır, pressinqdən ötürmələrlə çıxmağa çalışır və imkan yaranan kimi sürətlə hücuma keçirdi. “The Guardian” da ayrıca qeyd edib ki, Azərbaycan çempionu “avtobus” qurmadı, topla inamlı davrandı və meydan sahiblərinin müdafiəsinə problemlər yaratmağa çalışdı. İlk 20-25 dəqiqədə bu plan doğrudan da işləyirdi: “Mançester Yunayted” təşəbbüsə sahib olsa da, rəqibini dərhal dağıdacaq komanda təsiri bağışlamırdı.

Həlledici məqam 27-ci dəqiqədən 45-ci dəqiqəyədək olan hissə oldu. İlk qol Kahim Perrisin top itkisi ilə başladı: “Mançester Yunayted” hücumu dərhal sol cinaha keçirdi, Patrik Dorgu ötürmə verdi, Mateus Kunya isə epizodu qolla tamamladı. İngiltərə mediasının təhlili göstərir ki, məhz “Mançester Yunayted”in sol cinahı “Sabah” üçün əsas problem mənbəyinə çevrilmişdi: meydan sahiblərinin fasiləyədək yaratdığı 11 zərbəlik epizoddan altısı məhz bu cinahdan gələn ötürmələrdən sonra yaranmışdı. Dorqu-Kunya tandemi qonaqların sağ cinah müdafiəsini daim genişləndirir, “Sabah”ın fərdi yönümlü müdafiə quruluşu isə bəzən həddən artıq mərkəzə sıxılırdı.

Amma hesab 0:1 olarkən oyunun bütün ssenarisini dəyişə biləcək epizod yaşandı. Perri topu uzaq dirəyə dəqiq çatdırdı və Coy-Lens Mikels demək olar ki, nəzarətsiz vəziyyətdə başla zərbə vurdu. Lakin top qapıdan keçmədi. Həm "Opta", həm də İngiltərə mətbuatı bu epizodu dönüş nöqtəsi kimi qiymətləndirir: hesab rahatlıqla 1:1 ola bilərdi. Bunun əvəzində 42-ci dəqiqədə Bruno Fernandeş fərqləndi, 45-ci dəqiqədə isə Benyamin Şeşko həddən artıq irəlidə qurulmuş müdafiə xəttinin arxasına çıxaraq Stas Pokatilovu keçdi və hesabı 3:0 etdi. Cəmi bir neçə dəqiqə ərzində intriqa vəd edən oyun demək olar ki, həll olundu.

Komandalar arasındakı əsas fərq də məhz burada üzə çıxdı. Söhbət yalnız istəkdən, intizamdan və ya topla rəftardan getmirdi. Fərq bir səhvin qiymətində idi. “Sabah” top itirdi - qol buraxdı. Ən yaxşı şansından yararlana bilmədi - bir neçə dəqiqə sonra daha iki qol buraxdı. Azərbaycan Premyer Liqasında belə səhvlər bəzən cəzasız qala bilər. “Old Trafford”da isə demək olar ki, heç vaxt.

Statistika meydan sahiblərinin üstünlüyünü təsdiqləyir, amma “Sabah”ın tam aciz olduğunu göstərmir. “Mançester Yunayted” 21 zərbə endirib, “Sabah” isə 11. Gözlənilən qollar göstəricisi 3,67-yə 0,92, topa sahibolma isə təxminən 58 faizə 42 faiz olub.

Bakı təmsilçisi üçün ən xoşagəlməz rəqəm isə başqadır: qapı çərçivəsinə zərbələrdə - 10:0. Yəni “Sabah” Avropanın ən bahalı heyətlərindən birinə qarşı 11 zərbə vurmağı bacardı, amma Senne Lammensi real seyvlə məşğul edə bilmədi.

Buna görə komandanın mərkəz hücumçusu mövqeyində problemi olduğu qənaəti əsassız deyil. Mikels oyunu tam uğursuz keçirmədi - əksinə, düzgün mövqelər tapırdı və “Sabah”ın ən təhlükəli epizodu da məhz onun iştirakı ilə yarandı. Amma bu səviyyədə hücumçu 90 dəqiqə ərzində cəmi bir real qol şansı əldə edə bilər və ondan istifadə etməlidir. Mikelsin üç zərbə vurub heç birini çərçivəyə yönəldə bilməməsi problemi kifayət qədər aydın göstərir. İkinci hissədə meydana çıxan Orfe Mbina da fərqlənə bilərdi, amma onun başla zərbəsi tirin üst hissəsinə toxundu. “Sabah”a belə matçlarda yarım epizodu qola çevirə bilən hücumçu lazımdır.

Pokatilovun oyununa qiymət verərkən isə ehtiyatlı olmaq lazımdır. Dördüncü qol doğrudan da onun ciddi səhvi idi: standart vəziyyətdən sonrakı epizodda qapıçı vəziyyəti düzgün qiymətləndirə bilmədi, top ayaqlarının arasında qaldı və Lisandro Martines demək olar ki, hədiyyə aldı. Bu qol tamamilə lazımsız idi. Amma qapıçını bütün dörd qola görə günahlandırmaq düzgün olmazdı. İlk qolda Kunya demək olar ki, yaxın məsafədən vurdu, üçüncü qolda Şeşko yüksək müdafiə xəttinin arxasına çıxaraq təkbətək vəziyyətə düşdü. Pokatilov oyun ərzində bir neçə normal qurtarış da etdi, o cümlədən ikinci hissədə Kunyanın zərbəsini dəf etdi.

Əgər məhz bu oyunda əsas zəif nöqtəni axtarırıqsa, bu, bir futbolçudan daha çox sistem problemi idi. Ən diqqətçəkən çatışmazlıq sağ cinah müdafiəsində və top itkilərindən sonra xətlərarası boşluqlarda özünü göstərdi. “Mançester Yunayted” bu zonanı məqsədli şəkildə yarırdı. İlk və ikinci qollar meydan sahiblərinin sol cinahdan qurduğu kombinasiyalardan sonra gəldi, üçüncü qolda isə həddən artıq yüksək müdafiə xətti Şeşkoya müdafiəçilərin arxasında böyük boşluq verdi. "Squawka"nın hesablamasına görə, təkcə ilk hissədə “Yunayted” “Sabah”ın meydanında topu 19 dəfə geri qaytarıb və bu epizodların 13-ü ingilislərin sol cinahına düşüb.

“Sabah” 0:4 hesablı məğlubiyyətdən qaça bilərdimi? Birmənalı şəkildə, bəli. Mikels öz şansından istifadə etsəydi, hesab 1:1 ola bilərdi. Pokatilov fərdi səhvə yol verməsəydi, dördüncü qol ümumiyyətlə baş verməyə bilərdi. 2:0, 3:0 və ya hətta 3:1 kimi hesab oyunun real gedişini və “Sabah”ın göstərdiyi müqaviməti daha düzgün əks etdirərdi.

“Sabah” ümumiyyətlə məğlub olmaya bilərdimi? Nəzəri olaraq - bəli, futbol daha böyük sensasiyalar da görüb. Amma yaradılan epizodların keyfiyyətinə və oyunun ümumi məzmununa baxsaq, bu, artıq çox ciddi sürpriz olardı. “Mançester Yunayted”in qələbəsi tam məntiqli idi: meydan sahibləri həm xG göstəricisində (3,67-0,92), həm də qapı çərçivəsinə zərbələrdə (10:0) böyük üstünlüyə malik idilər. Amma 4:0 hesabı oyunun gedişini tam əks etdirmirdi.

Bu səbəbdən 0:4 hesabını yaxşı nəticə adlandırmaq olmaz. Xüsusilə də Çempionlar Liqasının Liqa mərhələsində top fərqinin sonda əhəmiyyət daşıya biləcəyini nəzərə alsaq. Amma bu nəticəni faciə kimi də qəbul etmək düzgün deyil. “Sabah” tarixində ilk dəfə bu səviyyədə oynayırdı, özü də səfərdə “Mançester Yunayted”ə qarşı. Üstəlik, Maykl Kerrik demək olar ki, əsas heyəti meydana buraxmışdı. Azərbaycan komandası qorxmadı, ilk dəqiqələrdən öz qapısına sıxılmadı və oyunu 90 dəqiqəlik panik müdafiəyə çevirmədi. Hətta “Sabah” Çempionlar Liqası tarixində start heyətində 11 müxtəlif millətin nümayəndəsinin yer aldığı ilk debütant komanda oldu.

Matçdan sonra qonaqların baş məşqçisi Dambrauskas çox dəqiq fikir səsləndirdi: “Biz sadəcə uduzmadıq, dərs aldıq”. Onun sözlərinə görə, “Mançester Yunayted” yüksək səviyyəli komandanın necə oynamalı olduğunu göstərdi.

Bəlkə də debütün əsas yekunu elə budur. “Sabah” anladı ki, hətta “Old Trafford”da belə futbol oynaya bilir. İndi komanda rəqibin ona bağışlamadığı səhvləri özü də rəqibə bağışlamamağı öyrənməlidir.

Növbəti oyun komandanın real səviyyəsi barədə daha obyektiv cavab verəcək: oktyabrın 13-də “Sabah” Praqa “Slaviya”sını qəbul edəcək. Orada komandalar arasındakı sinif fərqi “Mançester Yunayted”lə müqayisədə xeyli az olacaq. Buna görə də Çempionlar Liqasının tarixi iştirakçısından artıq yalnız yaxşı oyun deyil, nəticə də gözləmək mümkün olacaq.

İdman.Biz