“Qızıl top”un rəsmi saytında qalmaqallı səhv - qalibin fotosu vaxtından əvvəl yayımlandı - FOTO

26 Oktyabr 2026 22:58
107
“Qızıl top”un rəsmi saytında qalmaqallı səhv - qalibin fotosu vaxtından əvvəl yayımlandı

“Qızıl top”-2026 mükafatının təqdimetmə mərasimi ərəfəsində təşkilatçıların rəsmi saytında diqqətçəkən hadisə baş verib. Saytda mükafatın qalibi ilə bağlı olduğu bildirilən fotolar vaxtından əvvəl yerləşdirilib.

İdman.Biz insayder Ben Ceykobsa istinadən xəbər verir ki, ballondor.com saytında “Bavariya”nın hücumçusu Harri Keyn, “Barselona”nın futbolçusu Lamin Yamal və “Real Madrid”in ulduzu Kilian Mbappenin fotoları əks olunub.

Məlumatlar yayımlandıqdan qısa müddət sonra saytdan silinib. Bununla belə, həmin görüntülər sosial şəbəkələrdə yayılmağa başlayıb.

Hadisə “Qızıl top” mükafatının qalibinin əvvəlcədən məlum olması ilə bağlı müzakirələrə səbəb olub. Lakin yayılan görüntülərin hansı futbolçunun qalib gəldiyini təsdiqlədiyi hələlik məlum deyil.

Qeyd edək ki, “Qızıl top”un yubiley - 70-ci təqdimetmə mərasimi bu gün Londonda keçiriləcək. Bakı vaxtı ilə saat 00:00-da başlayacaq mərasimdə qalib FIFA reytinqində ilk 100 yeri tutan ölkələrdən olan 100 jurnalistin səsverməsi əsasında müəyyənləşdiriləcək.

İdman.Biz